İyulun 26-da ADA Universitetində dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Adil Kərimli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Qonaqlar çıxışlarında müsabiqə çərçivəsində qazanılan təcrübə, bilik və əlaqələr, eləcə də birillik mentorluq proqramının qaliblərin peşəkar həyatlarına mühüm təsir göstərəcəyini söyləyiblər.
Daha sonra isə Təşkilat Komitəsinin sədri, üzvləri və mərasimin xüsusi qonaqları builki qalibləri diplomla təltif edib, xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
XQ