İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi tamam olur. Sovet İttifaqı tərkibində xalqımızın milli intibahına başlanğıc olmuş bu tarixi gün sonrakı möhtəşəm gedişatla ölkəmizi 22 il sonrakı dövlət müstəqilliyinin bərpasına yönləndirib və suverenlik epoxasının zəruri əsaslarını hazırlayıb. Bugünlərdə şəhər və rayonlarımızda, ayrı-ayrı qurumlarda keçirilən çoxsaylı toplantılarda Ulu öndəri Azərbaycanın siyasi hakimiyyət sükanı arxasına gətirmiş günün tarixi önəmi və taleyüklü uğurların qazanmasına başlanğıc olması qədirbilənliklə qeyd olunur.
Abşeron
Xırdalandakı Heydər Əliyev Mərkəzində Ümummilli liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyi təntənə ilə qeyd edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda keçirilən konfransda iştirak edən rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət ediblər, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto və video materiallarla tanış olublar. Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixinin önəmini qeyd edib: “Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşıb, hər zaman milli dəyərlərə bağlı olub”.
Bildirilib ki, bütün həyatı boyunca daim Vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünən Heydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək üçün misilsiz xidmətlər göstərib. Bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan kimi Vətənimizin ərazi bütövlüyünü təmin edib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Təyyubə Hüseynova Ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını, ehtiramla yad edildiyini bildiriblər.
Neftçala
Neftçala rayonunda ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq “14 İyul 1969-cu il: Qüdrətli Azərbaycanımızın uğurlu təməl tarixi” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov məslisdə bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Ulu öndərin Azərbaycanda 55 il öncə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir.
Veteran dövlət qulluqçusu Oktay Kərimov, tarixçi Firdovsi Tağıyev, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları qeyd ediblər ki, qüdrətli lider kimi Heydər Əliyev XX yüzilliyin 60-cı illərində Azərbaycanın iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə rəhbərliyə gələrək ölkəmizi böhrandan çıxaran tərəqqi yoluna yönəldib. Bu yol sonralar Azərbaycanı dövlət müstəqilliyinə qovuşdurub.
Zaqatala
Əlamətdar tarixlər böyük şəxsiyyətlərin misilsiz xidmətləri ilə yaranır. 1969-cu ilin 14 iyulu da məhz belə tarixlərdəndir. Əlli beş il əvvələ qədər bu gün Azərbaycanın həyatında, bəlkə də sıradan bir gün idi. Ancaq zəmanəsinin böyük şəxsiyyətlərindən olan ümummilli lider Heydər Əliyevin adı, həyat və fəaliyyəti, zəngin irsi bu günə xüsusi məna qazandırdı, bu günü milli dövlətçilik tariximizin ən əhəmiyyətli və şərəfli səhifələrindən birinə çevirdi. 14 iyul 1969-cu il Heydər Əliyevin Azərbaycana rəhbər seçildiyi gündür. Həmin gündən Azərbaycanda yeni tarix başlanıb. Bu, xalqın milli ideyalar ətrafında səfərbər olunması, milli dövlətimizin yüksəlişi dövrüdür. Ötən əsrin sonlarına doğru Azərbaycanın müstəqillik nemətinə qovuşmasında və indiki uğurlarında həmin dövrün çox böyük rolu var.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin ildönümü münasibətilə iyulun 13-də Zaqatala şəhərində keçirilən “Heydər Əliyev və qüdrətli Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun məruzəsində Ümummilli liderin zəngin həyat yolu və çoxsahəli fəaliyyətindən geniş bəhs olunub. Bildirilib ki, Ulu öndərin respublikaya birinci rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olub, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan verib. Böyük rəhbər respublikaya birinci rəhbərlik dövründə, ilk növbədə, gələcək iqtisadi müstəqilliyə etibarlı zəmin formalaşdırıb.
YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva, Maqov kənd ərazi dairəsi üzrə nümayəndə Rəcəb Davudov qeyd ediblər ki, Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və zəngin biliyi ölkəmizin bütün sahələr üzrə dinamik inkişafına zəmin yaradıb, illər keçdikcə Azərbaycan ittifaq məkanında qabaqcıllar sırasına yüksəlib. Unudulmaz liderinideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq. Dahi şəxsiyyətin layiqli davamçısı olan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın tarixində görünməmiş inkişaf baş verib.
Naftalan
Naftalan Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il - yüksəlişin başlanğıcı” mövzusunda toplantı keçirilib.
Məclisdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirilib. Müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən geniş söhbət açan natiqlər qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünün misilsiz yeri və önəmi var. Bu dövr öz başlanğıcını 1969-cu ilin 14 iyulundan götürüb. Həmin ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olub. O illərdə yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün ölkəmizdə müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqının özünəqayıdışının başlanğıcı kimi xatırlanır. Ulu öndərin uğurla həyata keçirdiyi siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir.
XQ