İsveçin “CawaMedia” agentliyinin saytında bugünlərdə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair qəbul edilmiş Qarabağ Bəyannaməsi haqqında məqalə dərc olunub.
Agentliyin məqaləsində Qarabağ Bəyannaməsinin imzalanması qlobal ticarət yollarını və regional iqtisadiyyatları dəyişdirməyə qadir olan tarixi və uzaqgörən addım kimi xarakterizə edilib. Qeyd olunub ki, bu hadisə bütün Qərb dünyası və Şimali Avropa ölkələri üçün ciddi nəticələrə səbəb olacaq, Avrasiya məkanında ticarət və rəqəmsal əlaqələri potensial olaraq dəyişdirəcək.
Müəllif diqqətə çatdırıb ki, Xəzər dənizi vasitəsilə Avropa ilə Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi Skandinaviya ölkələri üçün xüsusi maraq kəsb edir, həmçinin Skandinaviyanın texnoloji şirkətləri və rəqəmsal xidmət təminatçılarına yeni imkanlar yarada, Avropa ilə Asiya arasında məlumatların daha sürətli və təhlükəsiz çatdırılmasını təmin edə bilər.
Şimal ölkələrinin IT sektoru üçün bu rəqəmsal dəhliz sürətlə böyüyən Asiya bazarları ilə mükəmməl əməkdaşlığı, potensial olaraq bulud xidmətlərinin daha asan yerləşdirilməsini, çoxmillətli əməliyyatlar üçün təkmilləşdirilmiş əlaqəni, habelə e-ticarət və rəqəmsal məzmunun çatdırılması kimi sahələrdə yeni imkanları təmin edə bilər.
Məqalədə Azərbaycanın Bakı-Tbilisi-Qars yeni ticarət marşrutunda roluna xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Xəzər dənizində 50-dən artıq kommersiya gəmisi olan ölkəmiz türk dövlətlərinə mühüm tranzit xidmətləri təqdim edir.
XQ