Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın rayonunun Zabux kənd tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib. Məlumatı nazirliyin mətbuat xidməti verib.
Təlimdə FHN-in Qarabağ Regional Mərkəzinin, Laçın rayon Yanğından Mühafizə Hissəsinin, rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Dövlət himni səsləndirilib. Təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məlumatlar verilib. Praktik mərhələdə isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, “zərərçəkmişlərin” xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.
P.ƏMİRCANOV
XQ