“Əbədi ömrün ikinci əsri”

post-img

Mayın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Əbədi ömrün ikinci əsri” mövzusunda elmi sessiya keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq görkəmli dövlət xadiminin Azərbaycanın yeni və müasir dövlətçilik tarixində əvəzsiz rolundan, ölkəsinin, xalqının tərəqqisi, rifahi naminə gördüyü misilsiz işlərdən bəhs edib. 

Bir xalqın tarixində onun istiqlalının ən mühüm məsələ olduğunu deyən akade­mik Rafael Hüseynov qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və cəmi 23 il yaşadı. Azərbaycan xalqı 70 il müstəqillik həsrətində oldu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilli­yini bərpa etdi. Lakin Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması 1993-cü ildə respublikanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər Heydər Əliyevin əvəzsiz xid­mətləri sayəsində mümkün oldu.

Direktor vurğulayıb ki, 33 ildir Azər­baycan dövlət müstəqilliyini bərpa edərək istiqlal içərisindəki yolunu davam etdirir. Bu 33 ilin 31 ili isə iki böyük şəxsiyyətin – Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Uzaqgörən rəhbər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, istiqlalını XX əsrin sonları­nın çox ağır, sınaqlı mübarizəli yolların­dan uğurla keçirərək XXI əsrə çatdırdı. 

R.Hüseynov əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan güclü, inkişaf edən, nüfuz sa­hibi bir dövlətə çevirdi və o, xalqımızın illərdən bəri ən ağır problemi olan Qara­bağ düyününü açmağa müvəffəq oldu. 

“Əbədi ömrün ikinci əsri” mövzusunda məruzəsini təqdim edən akademik Rafa­el Hüseynov diqqətə çatdırıb ki, Heydər Əliyevin xalqın gələcəyi ilə bağlı ən mü­hüm addımlarından biri də sovet dövrün­də azərbaycanlı gənclərin Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsini təşkil etməsidir. Bundan başqa Ulu öndər ixtisaslı hərbiçi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçı­vanski adına hərbi məktəbi yaratmışdı. 

Alim bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində, ictimai-siyasi fəaliyyətində elmə, mədəniyyətə, ədəbiyyat və sənətə önəm vermiş, yaradıcı simalara qayğı göstərmiş, Nəsiminin anadan olmasının 600, Füzulinin 500, Nizami Gəncəvinin 840 illik yubileylərinin qeyd olunması, elə­cə də xalqımızın digər tanınmış mütəfək­kirlərinin ildönümlərinin keçirilməsi ilə bağlı sənədlər imzalamışdır. 

Muzeyin direktoru çıxışının sonun­da qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azər­baycanın inkişaf yolunu işıqlandırmaqda­dır. Azərbaycan var olduqca Ulu öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcəkdir.

Daha sonra muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, profes­sor Xatirə Bəşirli “Heydər Əliyevin dövlət idarəçiliyində ədəbiyyatın yeri” adlı mə­ruzəsini təqdim edib. O qeyd edib ki, ədə­biyyat vasitəsilə milli-mənəvi özünüdərk prinsiplərinin dərinləşməsi, azərbaycan­çılıq məfkurəsinin mənimsədilməsi dahi şəxsiyyət Heydər Əliyevin ədəbiyyat si­yasətinin əsas prinsiplərindən olmuşdur. 

Muzeyin Komparativistika və bədii tər­cümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Ölüm­süz bir ölümlə əbədiyyətə qovuşanlar” adlı məruzəsində Ulu öndərin xalqa sə­mimi münasibəti ilə qəlbləri fəth etdiyini, əbədiyaşarlıq qazandığını qeyd edib. 

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sərgi də nümayiş etdirilib.

Qabil YUSİFOĞLU
XQ



Son xəbərlər