Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.
Heydər Əliyev,
Ümummilli lider
IV məqalə
Vətəndaşın siyasi həssaslığı
İnsan siyasi strukturlara və onların funksiyalarına dərindən nüfuz etməyi bacarmalıdır. Bunun əsasında milli siyasətin regional və qlobal miqyaslardakı təsir gücünü dərk etməlidir. Bu iki məqamın sintezində vətəndaş ölkənin siyasi nəbzini elə tuta bilir ki, siyasi-ideoloji cəhətdən konkret mövqeyi formalaşır. Qərbdə insanlarda bu keyfiyyəti tərbiyə etmək üçün xüsusi proqramlar hazırlamışlar. Bu bağlılıqda XX əsrin 90-cı illərində çox geniş məzmunlu “Siyasi savadlılıq nəzəriyyələri” adlı kitab nəşr olundu. Burada siyasi savadlılığa aid olan və onun formalaşmasına təsir edən çox sayda faktor toplanmış və xarakteristikaları verilmişdir.
Həmin elmi vəsaitdə maraqlı bir cəhət yer almışdır. İnsanların “idraki səfərbərliyi” və “sosiallaşma agentləri” müqayisəli təhlil edilmişdir. Yəni siyasi savadlılığa təsir etməyə məsul olan insanların və strukturların fəaliyyəti araşdırılmışdır. Onlardan hansının daha səmərəli olduğu müəyyən edilmişdir. Belə nəticə alınmışdır ki, “idraki səfərbərlik” siyasi savadlılığa “sosiallaşma agentləri” faktorundan daha güclü təsir edir. Birincinin nəticələri konkret olur.
Bu, ona görə maraqlıdır ki, müasir cəmiyyətlərdə siyasi kontekstdə vətəndaşlara hansı mexanizmlə effektiv təsir etməyin nümunəsi verilir. Politoloqlar üçün “idraki səfərbərlik” amilinin daha səmərəli olması isə ona görə gözlənilməz olmuşdur ki, müasir cəmiyyətlərdə ictimai-siyasi mövqeyin formalaşmasında şəxsiyyətin rolu yenidən daha aktual görünmüşdür. Məsələnin bu aspekti həm liderlik, həm də siyasi güc kimi qrupvari (partiya) fəaliyyət baxımından maraqlıdır. Çünki burada hər bir ölkənin öz təcrübəsi ciddi rol oynamalıdır. Deməli, konkret cəmiyyət üçün lider şəxsiyyət olaraq özəl səmərəli mexanizm müəyyən etməlidir və həm də partiyanı bu istiqamətdə aktivləşdirməlidir. Heydər Əliyevin liderlik təcrübəsi başqa aspektlərlə yanaşı, bir də bu baxımdan çox əhəmiyyətlidir. Onun üzərində geniş dayanmaq gərəkdir.
Ulu öndərin “idraki səfərbərlik” üsulu
Etiraf edək ki, bu, geniş yaradıcı yanaşma tələb edən dərin mövzudur. Burada onun yalnız bir sıra əlamətlərinə baş vurmağa çalışacağıq. Məsələ ondan ibarətdir ki, Heydər Əliyev üçün insanların idraki səfərbərliyi keçən əsrin 90-cı illərində ölkənin çox ağır siyasi, geosiyasi, iqtisadi, mədəni və mənəvi-ideoloji vəziyyəti şəraitində başlamalı idi. Belə bir şəraitdə idraki səfərbərlik təcrübəsi olmayan bir cəmiyyət üçün hansı üsullar inandırıcı ola bilərdi?
Burada Qərbin fərqli təcrübəsindən və siyasi ənənəsindən yararlanmaq riskli idi. Çünki Azərbaycan həm sovetlərin “şineli”ndən yeni azad olmuşdu, həm də Qərbdəki demokratik ənənələrdən fərqli situasiya yaranmışdı. Burada mütləq yerli şəraitə uyğun mexanizm seçmək gərəkdi. Heydər Əliyev postsovet məkanında ilk olaraq bunun üçün üç aspekti özündə ehtiva edən metod seçdi.
Şəxsi nümunə
Birinci aspekt, lider kimi şəxsi nümunə göstərməklə bağlıdır. Bu, insan fəaliyyətinin hər bir sahəsini – mənəvi, əxlaqi, siyasi, ideoloji, davranış, qətiyyət, milliliyə bağlılıq, dövlətçiliyi əsas götürmək və s. əhatə edirdi. Heydər Əliyev 1993–1995-ciillərin ən mürəkkəb mərhələlərində (məsələn, dövlət çevrilişinə qəsd cəhdləri və xarici qüvvələrin enerji siyasətinin qarşısını kəsmyə çalışdığı zamanda) şəxsi nümunəsi ilə bütün cəmiyyəti səfərbər etdi. İndiki reallıqlar prizmasından baxanda bu, həqiqətən liderlikdə yeni imza və şəxsiyyət kimi dahilik idi.
Çox çətin, riskli, təhlükəli və sonu faciəvi ola biləcək situasiyada Heydər Əliyev cəsarətlə dedi ki, “Mən xalqımın, millətimin yolunda nə vaxt lazım olsa qurban getməyə hazıram”. 1993-cü ildə Milli Məclisdəki nitqi zamanı da vurğulamışdır: “Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyev şəxsi fəaliyyəti və davranış nümunəsi ilə bu cümlələrdəki fikirləri tam sübut etdi. Göstərdi ki, Azərbaycanın müstəqilliyi, dövlətçiliyin inkişafı və xalqın rifahı üçün lazım gələn hər bir cəsarətli addımı atmağa qadirdir. O addımları 1993-1995-ci illərdə çəkinmədən atdı da. Bununla şəxsində nümayiş etdirdi ki, azərbaycanlılar siyasi cəhətdən nəinki savadlı ola bilirlər, hətta şəxsi nümunələri ilə cəmiyyəti səfərbər etməyə qadirdirlər. Heydər Əliyevin bu müdrik və uzaqgörən liderlik fəaliyyəti həmin dövrdə milyonlarla azərbaycanlını idraki səfərbər etdi! Bütöv xalq liderini dəstəklədi! Buna görə də artıq 1995 – 1996-cı illərdə Azərbaycanda daxili sabitlik bərqərar olmuşdu!
Bu üsulla Heydər Əliyev azərbaycanlılarda dövlətə, dövlətçiliyə yüksək inam yaratdı. Faktiki olaraq Qərbin siyasi institutlarının gördüyü işləri təkbaşına və daha səmərəli formada görə bildi. Burada Ulu öndərin idraki səfərbərliyinin digər tərəfi də xüsusi rol oynadı.
Siyasi institutlaşmanın hüquqi aspekti
Bu cəhət də olduqca əhəmiyyətli idi. İki baxımdan. Birincisi, cəmiyyətin daxilində dövlətçilikdə hüquqi element məlum səriştəsiz idarəetmə nəticəsində bədbinlik yaratmışdı. Açığı desək, vətəndaşlar dövlətin hüquqi fəaliyyətinə əmin deyildilər. Bu daxili psixoloji apatiyanı aradan qaldırmaq arxivacib vəzifə idi. İkincisi, beynəlxalq miqyasda ikili sitandarlarla fəaliyyət göstərən dairələr ilk olaraq hüquqi aspektdə Azərbaycanı ittiham edirdilər. Bu qərəzli həmlələrin qarşısını konkret hüquqi nəticələrlə almaq mümkün idi.
Heydər Əliyev prezident seçiləndən sonra dərhal idarəetməni həyata keçirən dövlət strukturlarını yenidən qurmağa başladı. Bir-birinin ardınca islahatlar həyata keçdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi bu prosesə xüsusi təkan verdi. O cümlədən, düşünülmüş iqtisadi islahatlar, məhkəmə sistemindəki islahatlar təsirini göstərdi. Qısa tarixi bir zamanda “Əsrin müqaviləsi” kimi çox vacib sənədə imza atan dövlət müstəqil hüquqi sistemi ilə həm idarəetməni, həm də verdiyi vədləri yerinə yetirmək üçün lazımi hüquqi bazanın mövcudluğunu həyata keçirmək qüdrətində olduğunu göstərdi. Paralel olaraq Ulu öndər BMT kimi təşkilatların yüksək kürsüsündən Azərbaycan Respublikasının demokratik, hüquqi və barışcıl dövlət olduğunu bəyan etdi. Artıq yenə də 1995-ci ilə Azərbaycanın bu istiqamətdə müsbət obrazı dünyaya məlum idi.
Bu prosesdə də Heydər Əliyevin liderliyi ilə dövlət başçısı funksiyalarını sintez edə bilməsi özünü göstərdi. Bununla da Heydər Əliyev siyasi və hüquqi istiqamətlərdə vətəndaşları idraki səfərbər etmək işində yüksək nəticə əldə etdi. Lakin məsələnin başqa bir mühüm tərəfi – ideoloji və mənəvi səfərbərlik aspekti də reallığa çevrilməli idi.
Azərbaycançılıq
Məsələnin bu tərəfi daha çətin idi. Çünki qısa bir müddətdə həm toplumu birləşdirən, həm də onu inkişafa aparan formul lazım idi. Heydər Əliyev bu formulu azərbacyançılıq konseptində məzmunlaşdırdı. Ulu öndər ön plana ölkənin taleyi ilə hər bir Azərbaycan vətəndaşının taleyinin bir olduğu tezisini yüksək siyasi tərzdə çıxardı. Bu zaman Heydər Əliyev iki məsələni vəhdətdə qarşıya vəzifə kimi qoydu: birinci, hər bir Azərbaycan vətəndaşı xalqın və Vətənin taleyini öz taleyi kimi qəbul etməlidir. İkinci, bunun üşün gənclərə nəyi və necə öyrətməyi müəyyən etməliyik.
Birinci fikir vətəndaş – toplum münasibətlərini harmoniyaya gətirməyi ifadə edir. Elə bir harmoniya ki, toplumun hər bir üzvü şəxsi həyatını xalqın həyatının bir parçası kimi görə bilsin. Belə olanda fərd xalqın taleyi uğrunda mübarizəyə hazır olur. Konkret olaraq, vətəndaş toplum üçün siyasi səfərbər edilir.
İkinci fikir bu məqsədə çatmağın dahiyanə tapıntısı idi. Təsəvvür edək ki, söhbət bütün dünya üçün çox həssas olan XX əsrin 90-cı illərindən gedir. Həmin mərhələdə Heydər Əliyev siyasi savadlılıq kontekstində cəmiyyətin idraki səfərbərliyinin aparıcı, dinamik, həmişə yenilikçi olan gənclər üzərindən təmin edilə biləcəyi fikrini irəli sürmüşdür! Bu addım azərbaycanlı gənclərin “rəngli olmaq” tələsinə düşmələrini böyük ölçüdə əngəllədi. Və həmin dövrdə gənc olanlar, sonrakı nəslin valideynləri idilər. Bununla Heydər Əliyev siyasi savadlılığı gənc ailələrə sirayət etməyin çox səmərəli və sivil üsulunu ortaya qoydu. Bu baxımdan Ulu öndərin məşhur “fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı azərbaycançılıq daxilində xüsusi tezisə çevrildi.
Heydər Əliyev bu kəlamla iki mühüm məsələni həll etdi. Onlardan biri azərbaycanlıların baş verən hadisələrin təsiri ilə psixoloji apatiyasını aradan qaldırmaqla bağlıdır. Bu apatiya müəyyən mənada psixoloji natamamlıq kompleksi yaratmışdı. Lakin fəaliyyətində uğurlu olan Prezident, dövlət başçısı, lider Heydər Əliyev isə inamla deyirdi ki, azərbaycanlı olmağımızla fəxr edək. Çünki azərbaycanlı olmaq yüksək və qədim mədəniyyətə sahib olmaq deməkdir, dövlətçilik ənənəsinə malik toplum deməkdir, regionun ən güclü xalqı olmaq deməkdir! Azərbaycanlı olmaq sağlam ailəyə malik olmaq deməkdir! Ənənədən azərbaycanlılar ailələrini Vətən üçün qorumuşlar və vətənlərini də ailələri üçün sevmişlər!
Bütün bunlar Heydər Əliyevə tam əsas verirdi ki, milli mənsubiyyəti, azərbaycanlılığı və Vətən sevgisini fəxarətlə bəyan etsin! Bu tezislə yanaşı, azərbaycanlılığın səfərbərlik mexanizmi kimi aktuallaşmasında ideoloji miqyasda təmin-edici faktoru müəyyən olunmalı idi. Həmin faktorun başlıca rolu fərd – ailə – cəmiyyət miqyaslarında ortaq mənəvi, əxlaqi, siyasi və ideya mühiti yaratmağa xidmətdən ibarət olmalı idi.
Heydər Əliyev bu istiqamətdə də tarixi yeniliyə imza atdı. Ərazi bütövlüyünün təminini milli ideya kimi bəyan etdi! İlk dəfə bunu 1995-ci ildə nehrəmlilərlə görüşündə ifadə etdi. Yerində, zamanında və aktuallıqla ifadə edilən seçim idi. Bütün Azərbaycan bu müqəddəs vəzifə üçün sürətlə səfərbər oldu.
İnsanlar gördü ki, liderin ölkəni işğaldan azad etmək kimi müqəddəs vəzifəsi vardır. Hər bir azərbaycanlı üçün fərd, ailə, nəsil, kök və toplum olaraq Vətənin bütövlüyü qədimdən müqəddəsdir. Bu müqəddəsliyi müasir mərhələdə qəbul etmək avtomatik baş verən haldır! İndi politoloqlar Heydər Əliyevin “necə bütün xalqı vahid məqsədə səfərbər edə bildi” sualı üzərində baş sındırırlar. Cavab sadədir və həm də dərindir: Ulu öndər milli ideya faktorunu real təməl üzərində fərd – ailə – toplum miqyasında ümumi məqsədə çevirə bildi. Heydər Əliyev milli ideyanı gerçək şərtlər daxilində siyasi savadlılığın mərkəzi punktu statusuna qovuşdurdu. Bu tarixi seçim sonrakı zəfərlərin məhək daşı¸ bazası və təməlidir!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru