Mayın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskar oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
FHN-in inzibati binasında keçirilən tədbirdə çıxış edən fövqəladə hallar naziri Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının dahi rəhbərinə necə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.
Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.
Sonra çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov Ümummilli liderin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb.
Kəmaləddin Heydərov əminliklə söyləyib ki, nazirliyin kollektivi Ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.