“Yaşıl” dünyanın hüquqi nizamı

post-img

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə ictimai maraq nəzərə alınaraq, mayın 3-də Xətai rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı görüş keçirilib. Tədbirdə media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Toplantı ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil olunmuşdu. Bu barədə danışan Xətai rayon prokuroru Sərdar İmanov rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə görülən işlər barədə məlumat verib. 

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, “yaşıl” dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “yaşıl”  dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliyin qorunması, tullantıların, zərərli kimyəvi maddələrin idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək, bəzi statistik göstəricilərə toxunub.

Həmçinin, tədbir zamanı rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə dinləyicilərə ətraflı məlumatlar verilib. Eləcə də bir sıra QHT təmsilçiləri bu istiqamətdə prokurorluqlarla birgə maarifləndirici tədbirlərin təşkili, məlumat kitabçalarının hazırlanması və digər maraqlı təkliflərlə çıxış ediblər.

İştirakçılar inzibati bina və burada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş etdirilib.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Rizvan FİKRƏTOĞLU
XQ

 

Son xəbərlər