“Sülh və qlobal təhlükəsizlik naminə dialoq”

post-img

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müzakirələr 

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini sessiyalarla davam etdirib.

“Çoxtərəfli əməkdaşlığın inkişafın­da yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda birinci plenar sessiyaya Koventri Universite­tinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardi moderatorluq edib.

Sessiyada açılış nitqi ilə çıxış edən UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos deyib: “Hər bir cəmiyyətdə parça­lanma müşahidə oluna bilər. Biz çalışma­lıyıq ki, insanların üzləşdiyi problemləri başa düşək və onların həllinə çalışaq”.

BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əmə­liyyatlar üzrə müavini Aleksandr Zuyev qeyd edib ki, hər kəs bütün dünyada sülhün bərqərar olmasına çalışmalıdır. “Hazırda dünyada münaqişələr artır. Belə bir vəziyyətdə BMT-yə olan etimadın qo­runması üçün əlimizdən gələni etməliyik. Əsas diqqət tərəfdaşlığa yönəldilməlidir. Hazırda bütün dini və siyasi tərəflər Ba­kıda bir araya gəliblər. Əminəm ki, bu forum beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi müzakirələrdə iştira­kını beynəlxalq səviyyədə davam etdirir”, - deyə o əlavə edib.

Sülh Naminə Əlaqələndiricilər və Qlo­bal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq qabaqcıl tədbirə çevrildiyinə diqqət çəkərək bildirib: “Hazırda dünyanın par­çalanmasının şahidiyik. Bu parçalanma həm qlobal səviyyədə, həm də cəmiyyət­lər arasında baş verir. Biz bütün bunları daim diqqət mərkəzində saxlamalıyıq”.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov vurğulayıb ki, Ümumdünya Mədəniy­yətlərarası Dialoq Forumu tarixin indiki çətin və ziddiyyətli dövründə müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edən, etnik, dini və mədəni amil­lərdən irəli gələn fərqliliklərdən ümum­bəşəri idealların həyata keçirilməsində təsirli alət kimi faydalanmağın yollarını axtaran unikal müzakirə platformasıdır. S.Məmmədov Heydər Əliyev Fondunun Azərbaycanda multikultural ənənələrin özünəməxsus və nadir formasının yaran­masında, qorunub saxlanmasında rolunu xüsusi vurğulayıb. 

Macarıstan Beynəlxalq Münasibət­lər İnstitutunun rəhbəri Qladin Papinon diqqətə çatdırıb ki, ölkəsi Şərq və Qərb mədəniyyətlərinin qovuşuğunda yerləşir. Bu səbəbdən dünyada Macarıstanın qlo­bal münasibətlərdə davamlılığın təmin olunması siyasəti izlənilə bilər. 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun unikal platforma ol­duğunu söyləyən Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson isə vurğulayıb ki, hamı öz rolunun öhdəsindən layiqincə gəlməlidir. “Bir ayara gəldikdə dünyanın tolerantlı­ğını və digər dəyərlərə hörmətlə yanaş­mağı, millətlər arasında daha çox əmək­daşlığı təşviq etməliyik. Bunun əsasında isə yumşaq güc dayanır. Yumşaq gücdən ortaq dəyərlər üçün istifadə mümkün­dür. Biz əməkdaşlığa diqqət yetirməliyik. Parçalanmanı deyil, körpüləri, anlaşma­nı təmin etməliyik. Bütün bunları irs kimi qəbul edirik. Bu da həmin yumşaq gücün əsasıdır”. 

ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesa­ka qeyd edib ki, sülh bizim regionumuz üçün böyük məna daşıyır. İcmalar daxi­lində olan problemlərə göz yummaq mümkün deyil. Münaqişələrin qarşısının alınmasında, dinc şəraitdə yaşamaqda qarşılıqlı dəstək mühüm amildir. 

Daha sonra Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru xanım As­mita Satyarthi hazırda bütün dünyanın sivilizasiyalar böhranının ortasında ol­duğunu vurğulayıb. Deyib ki, milyonlarla insan müharibə şəraitində yaşayır. Bu məsələlərə dürüst şəkildə yanaşılmalıdır.

Azərbaycanda keçiriləcək COP29 barədə də danışan xanım Satyarthi bil­dirib: “COP29-da iqlim dəyişikliyinin təsi­rinə ən çox məruz qalan ölkələr barədə danışılacaq. Sözsüz ki, ilk sıralarda Afrika ölkələridir. Orada insanların üzləşdiklə­ri məsələlər bizi təcili addımlar atmağa vadar edir. Bizə mərhəmətli liderlər, rəh­bərlər lazımdır. Onlar problemin həllinə maraq göstərməli, real işlərlə məşğul olmalıdırlar. Burada xüsusilə Prezident İlham Əliyevin müasir dünyada yaşanan problemlərin həlli istiqamətində gördüyü işləri nümunə göstərmək istərdim. Lider­liyinə görə Prezident İlham Əliyevə təşək­kür edirəm”.

***

Forum çərçivəsində “Sülh və qlo­bal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı plenar sessiya təşkil olu­nub. 

BMT Baş katibinin Sivilizasiyalar Al­yansı üzrə ali nümayəndəsi Migel Mora­tinos çıxışında BMT-də ali nümayəndə təyin olunduğu zaman mandatının zora­kı ekstremizmin aradan qaldırılması ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu mövzuda keçirilən görüşlərdə müəyyən bəyanatlar verildiyini görüb.

Nifrətə qarşı Xəbər Nəsli təşkilatının üzvü Hana Mibida çıxışında Paris ətra­fında kiçik qəsəbədən gəldiyini bildirib. O qeyd edib ki, təhsil aldığı məktəblərdə zorakılıq mövzusunda təlimlər keçirilmə­yib.

“Biz nifrətin nəticələri və cəmiyyətə təsirlərini öyrəndik. Gənc iştirakçılar ola­raq Nyu-Yorkda BMT-nin qərargahına getdik və sənədli film hazırladıq. Nifrətə qarşı layihəyə 2001-ci ildə qoşulub. La­yihə jurnalistlərlə olan təlimlərdən ibarət idi. Biz qadınlara qarşı nifrət, zorakılıq, ekstremizm mövzusunda təlimlər keçir­dik”.

“Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması” proqramının üzvü Atif Rəşid çıxışında Qəzza zolağında baş verən müharibədə BMT-nin sülh qurucu­luğu prosesində diplomatik əlaqələr qur­mağı təmin etməsini tövsiyə edib.

COP29-un İqlim üzrə gənclər çempi­onu Leyla Həsənova bildirib ki, COP29-da bizim əsas məqsədimiz gənclərin səsinin eşidilməsi, onların ətraf mühi­tin qorunmasına verə biləcək töhfəni dəstəkləməkdir. Biz cəmiyyətin digər qrup nümayəndələrinin də səsinin eşi­dilməsi üçün çalışırıq, - deyə COP29-un İqlim üzrə gənclər çempionu vurğulayıb.

Qlobal idman proqramının üzvü Gra­siyan Mkandavire deyib ki, gəncləri daha çox dəstəkləmək, onların potensialını ar­tırmaq lazımdır.

Digər panel üzvləri də çıxışlarında zorakılıq və ekstremizmə qarşı mübarizə ilə bağlı təcrübələrini və təkliflərini tədbir iştirakçıları ilə bölüşüb.

***

Forum çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiyasında süni in­tellektin mədəniyyətlərə təsiri müza­kirə olunub. 

“TC Holdings” platformasının qu­rucusu, beynəlxalq biznesmen, israilli texnoloji innovasiya üzrə mütəxəssis Tal Katranın moderatorluğu ilə keçirilən panel sessiyasında indiki dövrdə bu tex­nologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutduğu diqqətə çatdırılıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov çıxışında Azər­baycanda süni intellektlə bağlı layihələr barədə ətraflı məlumat verib. “İşğaldan azad edilmiş Qarabağda şəhərsalmada “ağıllı şəhər” və “rəqəmsal əkizlər”dən istifadə olunub. IV sənaye inqilabı texno­logiyaları, o cümlədən süni intellekt üzrə çağırış və təşəbbüslərin təhlili, onların milli iqtisadiyyatda tətbiqi imkanlarının araşdırılması və bu fəaliyyətin koordina­siyası, “elm-sənaye klasteri 4.0”ın qurul­ması ilə bağlı dövlət, özəl və elmi müəs­sisələr arasında tərəfdaşlığın təşviqi kimi bir sıra digər fəaliyyətləri həyata keçirir. Azərbaycanda hazırlanan Rəqəmsal İq­tisadiyyatın İnkişafı üzrə Strategiyada 2030-cu ilə qədər reallaşdırılacaq 61 təşəbbüs, o cümlədən 9 aparıcı layihə nəzərdə tutulub. Bununla yanaşı, ölkə­də Azərbaycan dili əsaslı Generativ Süni İntellekt sistemi qurulur”, - deyə Fariz Cəfərov əlavə edib.

Türkiyənin “Alegori Studio” şirkətinin kreativ direktoru Serdar Korkmaz süni intellektin insanlarda qorxu yaratmasının normal olduğunu qeyd edərək, bu texno­logiyanın yalnız insanların yaradıcılığına dəstək məqsədi daşıdığını vurğulayıb. 

Data üzrə mütəxəssis Pau Garcia bil­dirib ki, süni intellekt barədə danışarkən həm onun effektiv faydası, həm də gə­tirəcəyi ziyan və təhlükəsi diqqət mərkə­zində saxlanılmalıdır. “Sosial media kimi süni intellekt də həyatımıza böyük dəyişikliklər gətirir. Təhlükələr barədə danışmaq düşünürəm artıq gecdir. Çün­ki hamımız süni intellektin insanın şəxsi sərhədlərini hesaba almadan hərəkət etdiyi nümunələri ilə artıq tanışıq. Dü­şünürəm ki, süni intellekt artıq mədəniy­yətin əsas köməkçisinə çevrilib”, - deyə P.Garcia vurğulayıb. 

Mədəniyyət Nazirliyinin Yaradıcı sə­nayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib ki, bəşəriy­yətin inkişafı üçün süni intellektin dəstək, yoxsa təhdid olduğunu araşdıranda gö­rürük ki, öncə biz məlumatları rəqəmsal­laşdırırıq, sonra bunu süni intellekt va­sitəsilə layihəyə çeviririk: “Süni intellekt hamımız üçün çağırışdır. Burada yeni sahələr, yeni istiqamətlər, yeni mədəniy­yət nümunələri ortaya çıxır. İlk öncə süni intellektin insanların hüquqlarına necə tə­sir etdiyini müəyyənləşdirməliyik”.

***

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk günün son tədbiri dini liderlərin plenar sessiyası olub. 

Tədbirə dünyanın 38 ölkəsindən və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddizm, hinduizm və digər dinlərin liderləri və nü­mayəndələri qatılıblar. 

BMT Sivilizasiyalar Alyansının nü­mayəndəsi Nihal Saadın moderatorluğu ilə keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzu­sunda plenar sessiyada əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülis­lam Allahşükür Paşazadə və BMT-nin Si­vilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos əsas məruzə ilə çıxış ediblər. 

Allahşükür Paşazadə Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mü­hitində uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək olduğunu bildi­rib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikul­turalizm və İslam həmrəyliyi kimi ümum­bəşəri ideyalar həmrəyliyə, sülhə xidmət edir.

Şeyxülislam vurğulayıb ki, COP təd­birləri çərçivəsində dini liderlərin iştirakı ilə sülh naminə real əməkdaşlıq müstə­visinin təşkili istiqamətində səylər təqdir olunmalıdır. 

Radikalizmin mənfi təsirlərindən da­nışan Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Bəzi Avropa ölkələrində Qu­ranın yandırılması, məscidlərə hücum və bu kimi digər halları dini dəyərlərə nifrətin nümunələri kimi şiddətlə pisləyirik”.

O, müdrik siyasi xətt yürütdüyünə, dinlərarası həmrəylik və əməkdaşlıq is­tiqamətində dəyərli və ardıcıl səylərinə görə Prezident İlham Əliyevə və Birin­ci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan dindarları və dini liderlərin plenar sessiyasının iştirakçıları adından təşəkkürünü bildirib. 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bu mötəbər tədbirə evsahibliyi üçün Azər­baycana təşəkkürünü ifadə edib. O, Azər­baycan Prezidenti İlham Əliyevin forum iştirakçıları ilə görüşündə mühüm me­sajlar verdiyini və istiqamət göstərdiyini diqqətə çatdıraraq deyib: “Azərbaycanın dövlət başçısı noyabr ayında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan maksimum istifadə etməlidirlər. 

BMT-nin gənclər proqramından danı­şan ali nümayəndə dini liderləri gənclərlə bağlı layihələrə dəstək verməyə çağırıb. 

Sonra çıxış edən Beynəlxalq Müsəl­man Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Avropa Yəhu­di Ravvinlər Konfransının prezidentinin Aparat rəhbəri Ravvin Godi Groniç, Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak və digərləri tədbirin təşkilində BMT-nin Sivilizasiya­lar Alyansının və ICESCO-nun rolunu və iştirakını yüksək qiymətləndiriblər. Onlar dünya müsəlmanları ilə dialoqun qurul­masının, müsəlman və xristian dinlərin­dən olan insanların birliyinin əhəmiyyətini qeyd edib, radikalizmin mənfi təsirləri ilə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, dinindən, irqin­dən asılı olmayaraq bütün insanlar bəra­bərdir. 

XQ







Son xəbərlər