Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına əsasən, Hərbi Dəniz və Hava qüvvələri ilə birgə "Xəzər səması–2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, taktiki təlimə, ümumilikdə, 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş helikopterləri və pilotsuz uçuş aparatları cəlb edilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda Hərbi Hava Qüvvələri aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
İki mərhələdə keçirilən taktiki təlimdə Hərbi Dəniz və Hava qüvvələrinin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.