Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

post-img

Aprelin 18-də ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Omayra Naisselin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair Milli Məclisdə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin rəhbəri onun ölkəsinin azadlıq mübarizəsində verilən dəstəyə görə Azərbaycan Hökumətinə, Qoşulmama Hərəkatına və Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib. Qonaq diqqətə çatdırıb ki, bu gün Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum daha səmərəli əməkdaşlığa öz töhfəsini verəcək.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Omayra Naisselin Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsi, bu ölkənin BMT ilə əməkdaşlığı, 1980-ci illərdən müstəmləkədən azad edilməli dövlətlər siyahısına salınmasına baxmayaraq, öz müqəddəratını təyinetmə məqsədilə keçirilmiş referendumlara Fransanın müdaxilə edərək nəticələri saxtalaşdırması, bu ölkənin öz müstəmləkəsi hesab etdiyi xalqların azadlıq mübarizəsini boğması və bu məqsədlə qanunvericiliyə dəyişikliklər etməyə çalışması, imzalanmış sazişlərə baxmayaraq, Fransanın öz öhdəliklərini yerinə yetirməməsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, keçirilmiş referendumun nəticələrinə üçüncü baxışın düzgün aparılmaması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət olunub. Çünki bu, Kaledoniya xalqı üçün mühüm əhəmiyyət daşıyır.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin üzvləri Jan-İv Poedi və Moris Vimian Fransanın assimilyasiya siyasətini tənqid ediblər. Onlar Kaledoniya xalqının milli mənsubiyyətini, mədəniyyətini qoruması üçün gördüyü tədbirlər, bu ölkədə müstəqillik tərəfdarı olan hərəkatların fəaliyyəti, gələcək nəsillərin öz milli kimliyinə bağlı insanlar kimi tərbiyə olunması üçün tədris proqramlarının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Son xəbərlər