Kiprli musiqiçilərin Naxçıvanın yubileyinə töhfəsi
Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyinin xor kollektivi Naxçıvanda konsert proqramı ilə çıxış edib. Naxçıvan Dövlət Universitetinin konservatoriyasında təşkil olunan “Bir səs, bir ürək” adlı konsert proqramı Muxtar Respublikanın yaranmasının 100 illiyinə həsr olunub.
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan xalqının Şimali Kipr Türk Respublikasına qarşı hər zaman sevgiylə yanaşdığını və qardaşlıq əlaqələrinin möhkəm, sarsılmaz bağlarla qurulduğunu bildirib.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, ölkəsinin daim Azərbaycanın yanında olduğunu bildirib.
Sonra Şimali Kipr Respublikasının Çağdaş Musiqi Dərnəyinin Türk Klassik Musiqisi kollektivinin ifasında rəngarəng musiqilər səsləndirilib.
Repertuarda yer almış klassik türk musiqisinin inciləri – “Sən uzaqlarda deyil, damarımda, qanımsan”, “Vida busəsi”, “Bülbülüm altın qəfəsdə”, “Mağusa limanı”, eləcə də Azərbaycan musiqisindən “Nazəndə sevgilim”, “Ay qız” kimi mahnılar iştirakçılar tərəfindən alqış sədaları ilə qarşılanıb.
Sonda, Ersin Tünayın dirijorluğu ilə xor kollektivi “Azərbaycan” mahnısını ifa edərək iştirakçılara çoşğulu anlar yaşadıb.
F.HÜQUQQIZI
XQ