“Seçkilərə hazırlıq və səsvermə prosesi mükəmməl idi”

post-img

Bu fikirləri Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları monitorinqin yekunlarına dair brifinqdə söyləyib. 

O deyib ki, seçkiləri müşahidə missi­yamızda 160 üzv iştirak edib. Məlum sə­bəblərə görə missiyaya Ermənistan, Uk­rayna və Moldova nümayəndələri daxil edilməyib: “Biz seçici aktivliyini gördük, səs vermək üçün növbələr yaranmışdı.Təşkilatçılar tərəfindən bütün proses sə­riştəli təşkil edilmişdi. Biz seçkilərin yaxşı səviyyədə keçirildiyini müşahidə etdik. Daha bir müşahidəm ondan ibarətdir ki, insanlar seçkiyə ürəkdən, həvəslə ya­naşırdı. Seçki marafonuna qoşulan na­mizədlər əvvəllər prezident seçkilərində iştirak edən təcrübəli, səriştəli insanlar idi. Yəni, adi insanlar prezidentliyə na­mizədliyini irəli sürməmişdi. Azərbay­canda bu seçkilərin rəqabət mühitində keçirilməsi təqdirəlayiqdir. Namizədlərin hamısına özlərinin proqramları, ideyaları ilə təşviqat aparmaq üçün bərabər im­kanlar yaradılmışdı”.

Azərbaycanda növbədənkənar prezi­dent seçkilərinin azad, şəffaf, demokratik prinsiplərə əsaslanaraq keçirildiyini qeyd edən S.Lebedev 7 fevral seçkilərinin qanunvericilik əsasında baş tutduğunu deyib: “Azərbaycanda keçirilən növbə­dənkənar prezident seçkiləri Seçki Mə­cəlləsinin tələblərinə tam cavab verirdi. MDB müşahidəçiləri də hesab edir ki, seçkilərdə əsas istinad nöqtəsi hansı­sa amorf təşkilatların normativləri deyil, Seçki Məcəlləsi olmalıdır. Qərbi Avropa­da, ABŞ-da keçirilən seçkilərdə onların öz prinsipləri var. Onlar hesab edirlər ki, namizədlərdən biri mütləq qadın, biri mütləq qaradərili, biri LGBT, biri isə əlil olmalıdır. Bu, bizim üçün əsas sayıla bil­məz. Hər bir dövlətin özünün milli Seçki Məcəlləsi əsas istinad sənədi kimi götü­rülməlidir. Bu sənəd milli qanunvericiliyin təməli kimi götürülməlidir. Biz heç zaman Azərbaycanın daxili işlərinə müdaxilə et­məmişik. Bizim xalqlarımız dost və qon­şudur. Ümid edirik ki, bu dostluq münasi­bətləri uzun müddət davam edəcək”.

Çıxış edən nümayəndə heyətinin üzvləri də bu tarixi hadisə ilə əlaqədar Azərbaycan xalqını təbrik ediblər. Onlar seçki prosesinin demokratik prinsiplər əsasında təşkilində yerli QHT, siyasi par­tiyalar və KİV-in rolunu da vurğulayıb­lar. MDB müşahidəçiləri seçkinin texniki təchizat baxımından yüksək səviyyədə təmin edildiyini, məntəqələrdə səsver­mənin qanunun tələblərinə uyğun şəkildə baş tutması üçün bütün şəraitin yaradıl­dığını xüsusi qeyd ediblər.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər