İtaliyalı deputatlar: "Azərbaycandakı seçkilər başqa ölkələr üçün nümunədir"

post-img

Prezident seçkilərini izləyən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının üzvləri müşahidələrinin nəticələrini açıqlayıb. Secki-2024.az saytı xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin üzvü Andrea di Cüzeppe seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib: "15 seçki məntəqəsində müşahidə apardıq və seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyinin şahidi olduq. Əsas məqamlardan biri gənclərin seçkidə aktiv iştirakı idi". 

Nümayəndə heyətində təmsil olunan beynəlxalq ticarət üzrə daimi komitənin sədr müavini, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Naike Qruppioni də seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd edib: "İnsanların seçkiyə böyük marağının olduğunu gördük. Günün birinci yarısından etibarən yüksək seçici fəallığı vardı. Hesab edirəm ki, bu insanların ölkənin idarəetməsində, gələcəyinin müəyən edilməsində mühüm rol oynamasindan irəli gəlir. Bu həm də hökumətlə seçicilər arasında etimad mühitinin olmasından xəbər verir. Müşahidə etdiyim seçki prosesini bir çox ölkələrə nümunə olaraq göstərə bilərəm, misal üçün öz ölkəm olan İtaliyaya".

Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin və beynəlxalq ticarət üzrə daimi komitənin üzvü, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Salvatore Kaiyata da seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıb.

Son xəbərlər