Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.Secki-2024.az saytı xəbər verir ki, Çində yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə biləcəklər.
Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında, habelə həmvətənlərimizin “Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib. Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.