Qazi-şair Nizami Saraçlı haqq dünyasına qovuşdu

post-img

Tanınmış Azərbaycan şairi, əslən Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndindən olan AYB-nin üzvü Nizami Saraçlı da haqq dünyasına qovuşdu. O, bu gün doğma Saraçlı kəndində torpağa tapşırılacaq. 

Nizami Saraçlının “Aramıza düşən yaylıq” adlı ilk kitabı 1986-cı ildə çap olunub. Təəssüf ki, bundan 38 il sonra araya yaylıq kimi düşən ayrılıq onu ara­mızdan apardı. Yüksək vətənpərvərlik ruhu aşılayan gözəl şeirlər yazan Nizami Saraçlı 20-dən çox kitabın və “Dosta ge­dən yorulmaz” adlı 8 cildliyin müəllifi idi. Azərbaycan Silahlı Qüvvələrinin mayoru kimi Qarabağ döyüşlərində iştirak edib. “N” saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olub və sonralar Azər­baycan Radio və Televiziyasında böyük redaktor vəsifəsində çalışıb. 

Qarabağ qazisi olan istedadlı şair Nizami Saraçlı “Qurban Türkün bayrağı­na”, “Qafqaz İslam ordusu”, “Bakı Təbriz Ankara”, “Ey sabahın zabitləri” kimi on­larla mahnı və marşın sözlərini yazıb. O, Mutlutürk təxəllüsü ilə Türk ellərində se­vilərək tanınıb, Turan şairi kimi Vətənə, Türk ellərinə şeirlər ithaf edib. Qələmə al­dığı poeziya nümunələri tez-tez Azərbay­canda, eləcə də bütün Türk dünyasında nəşr olunan qəzet və jurnallarda dərc olunub, sevilə-sevilə oxunub. Onun şeir­lərinə türk seriallarında mahnılar bəstələ­nib, həmçinin söz müəllifi olduğu “Tanrı Türkə yar olsun!” mahnısını Osmanlı İmperiyası haqqında çəkilmiş məşhur “Diriliş Ərtoğrul” teleserialında istedadlı müğənnimiz Şəmistan Əlizamanlı böyük sevgi ilə səsləndirib. 

Şair Nizami Saraçlı 1991-ci ildə 43 ölkədən olan 3 min 500 şairin iştirak etdi­yi müsabiqənin qalibi olaraq "Beynəlxalq Peyğəmbər" mükafatı alıb, 1993-cü ildə Gürcüstanın ali mükafatı – “Şərəf” ordeni ilə təltif olunub. 2002-ci ildə isə 5 ölkənin sədrliyi ilə Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi “Dünya həqiqət­lərini ictimaiyyətə çatdırdığına və döyüş xidmətlərinə görə Avrasiya mükafatı”na layiq görülüb. Həmin ildə ona 2-ci dəfə olaraq Gürcüstanın “Şərəf” ordeni təqdim edilib. Nizami Saraçlı 2003-cü ildə 7 ölkə şairlərinin müsabiqəsinə qatılıb və qalib olaraq Beynəlxalq “Abay” mükafatına sa­hiblənib. 

Şair-qazi, 74 yaşlı Nizami Saraçlının ölümündən kədərləndiyimizi bildirir, qo­hum-əqrabasına, yaxınlarına başsağlığı veririk. Məkanı cənnət olsun! – deyirik.

Nizami MƏMMƏDZADƏ,
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri

Son xəbərlər