49 saylı Abşeron ikinci seçki dairəsində 49 min 579 seçici qeydə alınıb

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə əlaqədar 49 saylı Abşeron ikinci seçki dairəsi üzrə yaradılan 38 seçki məntəqəsində hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təlimatları üzrə aparılır. Dairə üzrə səsvermə hüququ olan 49 min 579 nəfər qeydə alınıb.

Bunu 49 saylı Abşeron ikinci seçki dairəsinin sədri Rafəddin Nağdəliyev bildirib.

Onun sözlərinə görə, 18 yaşına çatan 34 seçici ilk dəfə səsvermə hüququndan istifadə edə biləcək. Dairə üzrə seçicilərin 764 nəfərinin yaşı 80-dən çoxdur.

“Azərbaycan xalqı suverenliyini tam bərpa etdikdən sonra ilk dəfə seçkilərə hazırlaşır”, - deyən sədr qeyd edib ki, Mərkəzi Seçki Komissiyası seçki iştirakçıları üçün genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir. Bu günlərdə alt seçki komissiyası üzvləri üçün keçirilən treninqlər isə yekunlaşıb.

Seçki prosesinin şəffaflığını təmin etmək məqsədi ilə altı məntəqədə müşahidə kameraları quraşdırılıb.

“Seçki günü məntəqələrdə səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, media subyektlərinin fəaliyyətinə qanunvericiliyə uyğun şərait yaradılacaq, səsvermə prosesinin yüksək səviyyədə təşkili təmin olunacaq”, - deyə R.Nağdəliyev əlavə edib.

Son xəbərlər