Məktəblilərdən maraqlı addım: Məşğələ üçün ayrılan vəsaitlə bağçaya su xətti çəkildi

post-img

Qusar rayonu Urva kənd tam orta məktəbinin peşə təmayüllü siniflərinin şagirdləri kəndin bağçasına su xətti çəkiblər.

Bu təqdirəlayiq addım kombi-kondisioner usta köməkçisi qrupunda təhsil alan şagirdlər tərəfindən həyata keçirilib.

Məktəblilər praktiki dərsin imkanlarından faydalanaraq, məşğələ üçün nəzərdə tutulmuş vəsaitlə məktəbəqədər təhsil müəssisəsini su xətti ilə təmin ediblər.

Şimal bölgəsində ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərə 200-dən çox şagird cəlb olunub.

Quba, Xaçmaz, Qusar və Şabran rayonlarında, ümumilikdə, doqquz məktəbdə 12 peşə təmayüllü sinif təşkil edilib.

“Peşə təmayüllü siniflər” 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərir. Layihənin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.

Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflərin mövcud olduğu məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir. Şagirdlər hər ixtisas üzrə bir il təhsil alırlar.

Bu siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə yanaşı, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək, sertifikat əldə edirlər.

Qeyd edək ki, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərə ölkə üzrə 196 məktəbdə 4000-dən çox şagird cəlb olunub.









Son xəbərlər