Miqrasiya Əməkdaşlıq Platforması “Mənim səsim” kampaniyasına başlayır

post-img

Miqrasiya Əməkdaşlıq Platforması seçkilərlə bağlı bəyanat yayıb.

Sənəddə bildirilir ki, miqrasiya sahəsində fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti üzvləri tərəfindən təsis edilmiş Miqrasiya Əməkdaşlıq Platforması (MƏP) 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində seçici fəallığının artırılması məqsədi ilə “Mənim səsim” şüarı altında təbliğat və təşviqat kampaniyasına başlayır. Platformanın Əlaqələndirmə Mərkəzindən verilən məlumata görə, MƏP-ə üzv təşkilatların rəhbər şəxslərinin 5 yanvar 2024-ci il tarixli iclasında belə qərara gəlinib.

Bu məqsədlə MƏP Birləşmiş Millətlər Təşkilatının (BMT) “Bütün əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Beynəlxalq Konvensiyanın miqrant ailələrindən olan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması prinsiplərini və Azərbaycan Seçki Məcəlləsinin müvafiq bəndlərini rəhbər tutaraq, ölkə vətəndaşlarının seçki hüququna dair geniş maarifləndirilməsini həyata keçirəcək. Miqrant ailələrindən olan Azərbaycan vətəndaşları, son illər Azərbaycan vətəndaşlığını əldə etmiş keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, beynəlxalq hüquq normalarına görə, miqrant qruplarına aid edilən keçmiş məcburi köçkünlər və ölkənin hüdudlarından kənarda yaşayan həmvətənlər bir neçə istiqamətdə keçiriləcək kampaniyanın hədəf qruplarını təşkil edəcək.

Qeyd olunub ki, Miqrasiya Əməkdaşlıq Platformasının daxili resursları hesabına keçiriləcək maarifləndirmə kampaniyası prezident seçkilərinin əhəmiyyəti, seçki hüququnun təmin olunması, seçicilərin hüquq və vəzifələri, geniş əhali qrupları, o cümlədən hazırda xarici ölkələrdə yaşayan və səsvermə hüququna malik Azərbaycan vətəndaşları arasında təbliğat və təşviqat işlərinin həyata keçirilməsi, həmçinin digər mövzuları əhatə edəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Son xəbərlər