Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində maarifləndirmə proqramının həyata keçirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 8 dekabr 2023-cü il tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkiləri 2024-cü il fev­ralın 7-nə təyin edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 25.2.7-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi, seçki sis­temi və praktikasının təkmilləşdirilməsi, seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, eləcə də dairə və məntəqə seçki komissiya­ları üzvlərinin peşəkarlıq səviyyəsi­nin daha da yüksəldilməsi məqsədilə müxtəlif layihələrin gerçəkləşdirilməsini təmin edir.

Eyni zamanda Azərbaycan Respub­likası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.10-cu bəndinə uyğun olaraq, Mərkəzi Seçki Komissi­yası dairə və məntəqə seçki komissiya­larının üzvləri üçün mütəmadi qaydada seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.

Buna görə də Seçki Məcəlləsi ilə vəzifə və səlahiyyətləri müəyyənləş­dirilmiş qurumların da iştirakı ilə növ­bədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri dövründə dairə seç­ki komissiyalarının sədrləri üçün müşa­virə keçirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq sə­viyyəsinin daha da yüksəldilməsi üçün səsvermə günü prosedurlarına həsr olu­nan treninqlərin və digər layihələrin təş­kil olunması, dövlət avtomatlaşdırılmış informasiya sisteminin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri üçün seminar-treninqlər keçirilməsi, televiziya və radio proq­ramları, eləcə də digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçicilərin məlumatlandırılması, əyani vəsaitlər hazırlanması, nümayiş etdiril­məsi və digər maarifləndirmə tədbirlə­rinin reallaşdırılması Mərkəzi Seçki Ko­missiyası tərəfindən təmin edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxa­rıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Mə­cəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.7-ci, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri döv­ründə seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndir­mə proqramı həyata keçirilsin.

2. Mərkəzi Seçki Komissiyası və da­irə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu Qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.

3. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər