YAP seçki marafonuna start verdi

post-img

Dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

İclası açan YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov  2023-cü ilin Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşdüyünü bildirib. Onun sözlərinə görə, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidenti seçkiləri təyin olunub.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanılıb, dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib: “Ulu öndərimizin dahiyanə söylədiyi bir fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Prezident İlham Əliyev bu gün məhz ulu öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Düşünürəm ki, bu Zəfər yürüşünün davamı qarşıdan gələn seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır”.

Daha sonra Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə aşağıdakı məsələlər daxil edilib:  

– 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi;

– 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

– Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin edilməsi;

– Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi.

Gündəlik yekdilliklə təsdiq edildikdən sonra “2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi” məsələsi müzakirəyə çıxarılıb. 

YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, seçkilər zamanı namizədlərin irəli sürülməsi məsələsi Seçki Məcəlləsinin 54-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 54.1-ci maddəsində qeyd edilir ki, namizədin irəli sürülməsi  haqqında qərarı  siyasi partiya öz Nizamnaməsinə uyğun  olaraq qəbul edir: “Nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında partiyamızın yeni Nizamnaməsi qəbul edilib. Yeni  Nizamnaməyə əsasən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada seçkilərdə namizədlərin irəli sürülməsi İdarə Heyətinin səlahiyyətinə aid edilib”.

Sonra çıxış edən YAP Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv reallıqlar mövcuddur. Onun sözlərinə görə, 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ münaqişəsinin mövcudluğu Azərbaycanın reallığı idi: “Həmin dövrdə bütün seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən xalqın başlıca istəyi Qarabağ münaqişəsinin ədalətli surətdə həll olunması və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından ibarət idi. Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi, xüsusilə də cari ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində problemin bütövlükdə ədalətli şəkildə həll olunması Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirdi. İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Müvafiq olaraq Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi şəkildə dəyişmiş olur. Sülh və əməkdaşlıq məsələlərinin həll olunması, o cümlədən işğaldan azad olunmuş Azərbaycan torpaqlarının bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi vəzifələri müəyyənləşdirilib. Beləliklə, Azərbaycanda yeni reallıq meydana gəlib və bu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqı, o cümlədən, dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar qərarın yeni reallıqlardan irəli gələn qaçılmaz zərurət olduğunu aydın şəkildə dərk edir və bu cür də qiymətləndirir. Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin irəli sürülməsi məsələsinə gəldikdə isə, mən ilk olaraq böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında yekdil qərar qəbul edilməlidir və qəbul ediləcək. Bu gün qəbul edəcəyimiz qərar təkcə Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində namizədinin irəli sürülməsi yox, bütün Azərbaycan xalqının iradəsinin ifadəsi olacaq. Bu mənada hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tarixi qərar qəbul etmək kimi şərəfli bir missiyanı uğurla həyata keçirəcək”.

YAP Sədrinin müavini söyləyib ki, növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi onun əzəmətli xidmətlərindən irəli gələn mənəvi və halal haqqıdır: “Eyni zamanda, hesab edirəm ki, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi 2020-ci ilin möhtəşəm Qələbəsindən sonra bütün Azərbaycan xalqının ona dərin hörmət, etibar və etimadının ən yüksək təzahürü kimi dərk edilməli və qiymətləndirilməlidir. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır. Prezident İlham Əliyev Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinin, qüdrətlənməsinin, onun bütün dünyada şöhrətinin artmasının və qalib Azərbaycanın müəllifidir”. 

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası öz siyasi tərcümeyi-halının ən şərəfli günlərini yaşamaqdadır: “Çünki biz Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi yeni reallıqda Yeni Azərbaycan Partiyası Sədrinin prezidentliyə namizədliyini irəli sürürük. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qəbul edəcəyi qərar ümumxalq partiyası kimi bütövlükdə Azərbaycan xalqının iradəsinin təcəssümüdür”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxışında bildirib ki, İlham Əliyevin təkcə Azərbaycan dövləti və xalqı qarşısında deyil, bütün dünya qarşısında çox böyük xidmətləri var: “Bu kontekstdə bir məqamı ayrıca vurğulamaq lazımdır ki, BMT-nin mövcudluğu tarixində Baş Assambleyanın xüsusi toplantısı dördüncü dəfə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilib. Bu baxımdan hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tarixi bir qərar verir”.

Çıxış edən YAP İdarə Heyətinin üzvü Elnarə Akimova bildirib ki, Prezident ­İlham Əliyev təkcə 30 illik deyil, 200 illik tarixi taleyimizdə bütöv Azərbaycan anlayışını yenidən özümüzə qaytardı: “Qarşıda da bir sıra məsələlər var ki, onların da həlli məhz cənab İlham Əliyevdən asılıdır. Buna görə yenə də onun liderliyinə ehtiyacımız var”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı K.Cəfərov deyib ki, məhz ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində Azərbaycanın bütövləşməsi də təsadüfi deyil: “Çünki istər sovet Azərbaycanı dönəmi, istər müstəqillik zamanı, istərsə də indiki tarix onu göstərir ki, Azərbaycanın rifahı həmişə Heydər ­Əliyev irsi ilə bağlı olub. Bu gün də əminik ki, Azərbaycan  məhz Heydər Əliyev irsi ilə yeni Azərbaycandan qüdrətli Azərbaycana əmin addımlarla irəliləyəcək”.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bütün mənalarda Azərbaycan xalqının maraqlarına əsaslanıb: “Cənab İlham Əliyev yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin maraqlarını əsas götürərək dünyada gedən proseslərə təsir göstərmək, beynəlxalq təşkilatları məhz insan amilinə xidmət etməyə yönəltmək kimi məzmunlu siyasət həyata keçirən bir şəxsiyyət kimi dünyada tanınmaqdadır. Ona görə düşünürəm ki, bugünkü qərarımız həm də regionda sülh və əmin-­amanlığa, təhlükəsizliyə, yeni nizamın insanların maraqlarına uyğun qurulmasına xidmət edəcək bir addım kimi dəyərləndirilməlidir”.

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası və onun üzvləri Azərbaycan cəmiyyətinin bütün təbəqələrini özündə birləşdirir: “Əminəm ki, yalnız ölkə vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının gözü bu gün Vətəndədir. Çünki Azərbaycan onlar üçün istinad nöqtəsidir, bir mayakdır və Prezident İlham Əliyev də dünya azərbaycanlılarının lideridir. Ona görə də dövlət başçısı İlham Əliyevin yenidən namizədliyinin irəli sürülməsi, qeyd edildiyi kimi, tarixi zərurətdir”.    

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xalqımızın qürurlu, şərəfli və möhtəşəm tarixi anlar yaşadığını bildirib: “Ölkəmizin qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürür. Ümummilli lider Heydər ­Əliyevin siyasi xəttini böyük inamla həyata keçirərək ölkəmizi rəhbərlik etdiyi 20 il ərzində başqa dövlətlərin yüz illərlə keçmədiyi bir uğurlu yolla aparan, Azərbaycanın tarixi qələbəsini təmin edən, ərazi bütövlüyünü və suverenliyini bərpa edən Prezident İlham Əliyev xalqımıza şərəfli anlar, möhtəşəm günlər yaşatdı, xalqın mübarizə və qəhrəmanlıq ruhunu yenidən dirçəltdi və özünə qaytardı”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclası mahiyyət etibarilə  tarixi əhəmiyyət daşıyır: “Çünki İdarə Heyətinin iclasında YAP-ın prezidentliyə irəli sürdüyü namizəd “Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinə hər zaman sadiq qalan, sözü imzası qədər keçərli olan, nəyi nə zaman və necə etməyi bilən bir liderdir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, hər bir dövlətin gücü həm də onun iqtisadiyyatı ilə ölçülür. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Bizim büdcə xərclərimiz təxminən 30 dəfə böyüyüb. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycanı borcdan ən az asılı olan bir dövlətə çevirib ki, bütün bunların səbəbi Prezident İlham Əliyevin iqtisadi sahədə tətbiq etdiyi yeniliklərdir”, – deyən T.Mirkişili əlavə edib: “Bütün bu reallıqları nəzərə alsaq, əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının istəyidir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, İlham Əliyevin növbəti dönəmdə prezident seçilməsi nəinki Azərbaycan üçün, o cümlədən beynəlxalq miqyasda da bir siyasi arzu və ümiddir: “Çünki Prezident İlham Əliyev beynəlxalq miqyasda özünəməxsus yeri və rolu olan bir liderdir. Mən də siyasi həmfikirlərimin mövqeyini dəstəkləyərək cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirəm”.

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Cənubi Qafqazda əbədi sülhü yalnız və yalnız cənab Prezident bərqərar edə bilər. İkinci ən böyük missiya Türk dünyasını birləşdirməkdir, onu da cənab İlham Əliyev edəcək. Ona görə də bu böyük missiyaların həyata keçirilməsi üçün cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi tarixi zərurətdir”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında qeyd edib ki, dövlət başçısı İlham Əliyev 20 il ərzində Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətləri ilə ölkəmizin, bəlkə də, bir əsrlik inkişafını təmin edib: “Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Dövlət başçımızın da qeyd etdiyi kimi, çoxəsrlik tarixində Azərbaycan heç vaxt bu qədər güclü olmayıb”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlardan bəhs edib. Onun sözlərinə görə, ötən dövrdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük nailiyyətlər qazanılıb”.

“Biz inanırıq ki, Prezident İlham Əliyev növbəti mərhələdə də möhtəşəm uğurlara imza atacaq”, – deyə R.Əliyev bildirib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov çıxışında 2023-cü ilin Azərbaycan üçün böyük uğurlarla yadda qaldığını deyib: “Ona görə də partiyamızın sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsindən qürur duyuruq”.

YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident İlham Əliyevin uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu bildirib. A.Rəhimzadə dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələrin önəmindən bəhs edib.

Müzakirələrə yekun vuran YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İdarə Heyətinin üzvlərinin yekdil fikirdə olduğunu bildirib. “Bu müzakirələr bir daha göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Cənab İlham Əliyevin siyasəti Azərbaycanı daha parlaq gələcəyə aparır, ölkəmizin daha güclü dövlət kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinə zəmin yaradır. Prezident İlham Əliyev davamlı inkişafa yönəlmiş siyasəti ilə ölkəmizə bundan sonra da böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcək”, – deyə YAP Sədrinin müavini vurğulayıb.

Müzakirələrin sonunda Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunub.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Daha sonra iclasın gündəliyində olan digər məsələlər müzakirə olunub. İclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

Sonra YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Yaqub oğlu Budaqov və YAP Sədrinin müavini Əli Cavad oğlu Əhmədov Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Safalan oğlu Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.

İclasda 21 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.

YAP Mərkəzi Seçki Qərargahının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib:

1. Budaqov Tahir Yaqub oğlu – YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri

2. Əhmədov Əli Cavad oğlu – YAP Sədrinin müavini

3. Rəhimzadə Arif Qafar oğlu – YAP Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü

4. Qurbanlı Mübariz Qəhrəman oğlu – YAP İdarə Heyətinin üzvü

5. Muradova Bahar Əvəz qızı – YAP İdarə Heyətinin üzvü

6. Hüseynova Sevinc Əmirəhməd qızı – YAP Təftiş Komissiyasının sədri

7.  İslamov Bəxtiyar Qabil oğlu – YAP Gənclər Birliyinin sədri

8. Tağıyev Əhliman Safalan oğlu – YAP Mərkəzi Aparat rəhbərinin müavini

9. Novruzov Siyavuş Dünyamalı oğlu – Milli Məclisin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

10. Qələndərov Nurlan Vəli oğlu – YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

11. Hüseynov Nazim Meyxoş oğlu – YAP Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri

12. Bədəlova Ramilə Alxan qızı – YAP Mərkəzi Aparatının Sənədlərlə iş və statistika şöbəsinin müdiri

13. İmaməliyev Asif Ağalar oğlu – YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini

14. Gülməmmədov Rəfael Şirməmməd oğlu – YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdirinin müavini

15. Musayeva Zəkiyyə Balağa qızı – YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdirinin müavini

16. Məmmədli Hülya Gündüz qızı – YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdirinin müavini

17. Məhərrəmov Məhəmməd Yusif oğlu – YAP Həmkarlar İttifaqı Komitəsinin sədri

18. Musayev Alqış Həsən oğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

19. Quliyev Bəhruz Vaqif oğlu – “Səs” qəzetinin baş redaktoru

20. Rəhimzadə Vüqar Gəncəli oğlu – YAP Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru

21. Vəlibəyov Ramil Vaqif oğlu – YAP Nizami rayon təşkilatının sədri.

Son xəbərlər