Milli Məclisin Gənclər və idman komitəsi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Berlində “Heydər Əliyev İli” çərçivəsində kikboksinq üzrə “Heydər Əliyev Kuboku” uğrunda turnir təşkil olunub. Açılış mərasimində Milli Məclis Sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev çıxış edib.
O, qonaqları salamlayaraq bugünkü qüdrətli Azərbaycanın məhz ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu diqqətə çatdırıb. Vitse-spiker ulu öndərin bütün sahələrə, xüsusilə də gənclər və idman sahəsinə göstərdiyi yüksək qayğıdan söz açıb, onun gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsi, idmanda kütləviliyin təmin olunması üçün gördüyü işlərdən danışıb.
A.Əliyev ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla inkişaf etdirilməsindən bəhs edərək, məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb. O, gənclərə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dövlətimizin qüdrətlənməsi ilə bağlı tövsiyələrini çatdırıb.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində göstərdiyi böyük xidmətlərdən bəhs edib, ümummilli liderin diaspora işinə böyük önəm verməsindən danışıb.
Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (“WAKO”) prezidenti Roy Baker Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməsi və keçirməsi barədə danışıb, Azərbaycan kikboksinqçilərinin mütəmadi olaraq göstərdiyi yüksək nəticələrə diqqət çəkib.
Sonra Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev ölkəmizdə idmana göstərilən qayğıdan söz açıb, “Heydər Əliyev Kuboku” barədə məlumat verib və yarış iştirakçılarına uğurlar diləyib.
Yarışda ölkəmizdən və dünyadan, Almaniyanın müxtəlif şəhər və bölgələrindən 1200-dən çox kikboksinqçi öz gücünü sınayıb.
“Heydər Əliyev Kuboku”nda 7 peşəkar döyüş keçirilib. Azərbaycan milli yığma komandasının üzvləri Amin Quliyev (63.5 kq), Ruslan Musayev (69 kq), Qəşəm Məmmədov (75 kq), Anar Məmmədov (60 kq), Rauf Gərayzadə (81 kq) və Elxan Əliyev (75kq) xarici ölkələrin kikboksinqçiləri üzərində parlaq qələbə əldə edərək “Wako Pro” kəmərləri qazanıblar.
Tədbirdə qurulmuş stendlərdə Azərbaycan mətbəxi və mədəniyyəti barədə qonaqlara məlumat verilib.
XQ

