Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya Parlamenti Senatının Sədri Miloş Vıstrçil ilə görüşüb.
Senatın Sədri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O deyib ki, Azərbaycan Çex Respublikası üçün dost ölkədir.
Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.
S. Qafarova Milli Məclisin sədri kimi Çexiyaya ilk rəsmi səfəri olduğunu xatırladaraq deyib ki, səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. O, qanunverici orqanlar arasında münasibətlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.
Görüşdə regionda mövcud olan vəziyyət, ölkəmizin bölgədə apardığı bərpa və quruculuq işləri barədə qarşı tərəfə məlumat verilib.
***
Milli Məclisin Sədri Sahibə Qafarova Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
S. Qafarova parlamentlərin yaxın münasibətlərinin Azərbaycan və Çex Respublikası arasında əlaqələrin mühüm bir hissəsini təşkil etdiyini qeyd edərək, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun önəminə diqqət çəkib. O, xüsusilə dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini vurğulayıb.
Çex Respublikası Parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yan Kubik ölkələrimiz haqqında həqiqətlərin, məlumatların ictimaiyyətə doğru çatdırılmasının, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsinin və qarşılıqlı səfərlərin önəmini qeyd edib.
***
Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının xarici işlər naziri Yan Lipavski ilə də görüşüb.
Yan Lipavski ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək deyib ki, iki ölkə arasında hər hansı açıq mövzu yoxdur.
Milli Məclisin Sədri S.Qafarova ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin və görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
S. Qafarova beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq.
Çexiyanın xarici işlər naziri regionda sabitliyin təmin olunmasında maraqlı olduqlarını, sülh prosesini dəstəklədiklərini bildirib. Qeyd edilib ki, Çexiya Azərbaycanın bu istiqamətdə səylərini müsbət qiymətləndirir.
Ə.BƏDƏLOV
XQ

