Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, və YARAT Müasir İncəsənət Mərkəzinin nümayəndəsi Fərəh Ələkbərli iştirak ediblər. Bildirilib ki, “Yaradıcı həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu”, “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi”, “Yaradıcı müzakirələr” (“Creative Talks”), “Musiqi Sənayesi Platforması” (Eurovision Talks) təşkil ediləcək. Bundan əlavə, “GƏL, YARAT! Yaradıcılıq üzrə Marafon, Türk Dünyası Yumor Festivalı”, “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq. Həmçinin,“Disney” studiyasının 100 illiyi qeyd olunacaq. “Yaradıcı həftə”də milli filmlərin ali məktəblərdə nümayişləri, təlimlər, türk dünyasının elektronik musiqi gecəsi, moda tədbirləri, təqdimat və digər tədbirlərin də keçirilməsi nəzərdə tutulur.
“Yaradıcı həftə” paytaxtla yanaşı, bölgələri də əhatə edəcək. “Creative Talks” layihəsi çərçivəsində 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.
Qeyd edək ki, “Yaradıcı həftə” noyabrın 27-dən dekabrın 3-dək ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilir. Yaradıcılıq layihəsi Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar həyata keçirilir. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının, bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
Fidan SALMANOVA
XQ