“Jurnalistlər üçün təhlükəsizilik təlimi”nə ciddi zərurət var

post-img

Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun  Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda  “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib. 

XQ xəbər verir ki, üç gün müddətində davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub. Təlimlərə 15 nəfər jurnalist qatılıb. İştirakçılardan 7 nəfəri respublika yayımlı KİV subyektlərinin Qarabağ regionu üzrə akkreditasiya edilmiş əməkdaşları olublar. Təlimlər EFJ-nin dəvəti ilə beynəlxalq ekspert David Bevan tərəfindən idarə edilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, noyabrın 18-21-də keçirilən təlimin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub: “Təlimlər zamanı jurnalistlərə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi. Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliklərinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. Hava hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”. 

Müşfiq Ələsgərli əlavə edib ki, jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə ciddi zərurət var: “Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 11 nəfər Azərbaycan jurnalisti və KİV  işçisi cəbhə bölgəsində həyatını itiribdir. Onlarla jurnalistimiz fiziki  xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib. Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalımız var. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək” 

 

Rizvan FİKRƏTOĞLU

XQ



Son xəbərlər