Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Səfirlikdən verilən məlumata görə, bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin canı və qanı hesabına əldə edilən şanlı qələbəmizdən bəhs edən qısametrajlı sənədli filmlər və Azərbaycanın mədəniyyət beşiyi - Şuşa şəhərini əks etdirən sərgi nümayiş etdirilmişdir. Tədbirdə bolqar sənətçiləri tərəfindən Azərbaycanın milli musiqisi, xalq mahnıları və milli rəqsləri ifa edilmişdir.
Tədbiri giriş sözü ilə açan AzərbaycanRespublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov xalqımızın qürur mənbəyi olan bu qələbənin tarixinə qısa nəzər salaraq Ermənistanın davam edən siyasi və hərbi təxribatlarına cavab olaraq başladılmış əks-hücum əməliyyatı nəticəsində 30 il davam edən hərbi işğala son qoyulduğunu, 44 gün ərzində ərazi bütövlüyümüzlə yanaşı haqq və ədalətin bərpa edildiyini qeyd etmişdir. İşğaldan azad olunmuş Ermənistanın yerlə yeksan etdiyi ərazilərdə Azərbaycanın hazırda apardığı yenidənqurma tədbirləri barədə məlumat verən səfir, bunun bu torpaqların əsil sahiblərinin kim olması ilə bağlı suala aydın cavab olduğunu diqqətə çatdırmışdır. Çıxışda həmçinin Azərbaycanda mövcud olan zəngin multikultural dəyərlərə diqqət çəkilmiş, qələbənin Azərbaycanda sülh və qarşılıqlı hörmət şəraitində yaşayan, fərqli dinlərin və müxtəlif etnik xalqların nümayəndələrinin ortaq qələbəsi olduğunu qeyd etmişdir.
Tədbirdə iştirak etmiş Bolqarıstan rəsmiləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri, Azərbaycan diasporu və yerli sakinlər təqdim olunmuş milli musiqi nümunələrimizi yüksək maraq və rəğbətlə izləmişlər.