Zaman keçdikcə həyatımızda bir sıra texnoloji yeniliklər də artır. Artıq insanlar sözün əsl mənasında “uçan taksi”lərin yolunu gözləyirlər. Ancaq bəzi nəqliyyat vasitələri də var ki, “ömrü” uzun olmadı. Bunlardan biri də trolleybusdur.
Bu gün Naxçıvanda ilk tyolleybusun istifadəyə verilməsindən 37 il ötür. Ancaq bu nəqliyyat vasitələri heç 18 yaşlarını belə görmədilər...
18 illik fəaliyyəti dövründə Naxçıvanda cəmi üç maşrut fəaliyyət göstərib. Bəs səbəb nə idi?
1991-ci ildə Naxçıvana hücumla heç bir şey edə bilməyən ermənilər bu ərazidə yaşayan vətəndaşların müqavimətini uzunmüddətli blokada ilə qırmağa cəhd etdilər. Bununla da, Naxçıvan iqtisadiyyatına ağır zərbə vuruldu. Muxtar respublikanın nəqliyyat sistemi də elə bu blokadadan zərər gördü. 1987-ci ildən başlayaraq ermənilər Bakıdan Naxçıvana gedən qatarları dayandırmağa, sərnişin və maşinistlərə qarşı güc tətbiq etməyə başladılar. Daha sonra Naxçıvan Azərbaycanın digər əraziləri ilə dəmir yolu və quru əlaqəsini itirdi. Yeganə ümid yeri isə hava yolu oldu...
Bakı ilə əlaqənin kəsilməsindən sonra Ermənistan öz ərazisindən Naxçıvana elektrik ötürən xətləri və dəmir yolu relslərini sökdü. Beləliklə, Naxçıvanda yanacaq və elektrik enerjisi böhranı başladı. Bu vəziyyət trolleybusları da iflic vəziyyətə saldı. Yanacaq olmadığından maşınlar, trolleybuslar həftələrlə qarajdan çıxa bilmədi.
Keçən əsrin 90-cı illərinin sonuna doğru Naxçıvanda enerji problemi qismən həll olundu. Ancaq trolleybusların fəaliyyəti, təəssüf ki, sıradan çıxdı. Digər şəhərlərdəki kimi, burada da trolleybuslar qeyri-müntəzəm işləyir, başqa nəqliyyat növlərindən geri qalırdı.
Artıq 2000-ci illərin əvvəllərində Naxçıvanda trolleybusların sonu çatdı. 2004-cü ilin aprelində sonuncu xətt ləğv edildi. Metal tələbat əsas gətirilərək maşınlar doğranıb əridildi. Kontakt xətləri və dirəklər yolların genişləndirilməsi zamanı söküldü. Beləliklə, trolleybus heç 18 yaşına da çata bilmədi...
Şahanə XANKİŞİYEVA
XQ