Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Xidmət tərəfindən “MKT İstehsalat Kommersiya” MMC-nin Salyan, Sabirabad və Bərdə filiallarında, "Taşobası" MMC-nin Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən pambıq qəbulu və ilkin emalı zavodunda yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı təyinatlı maşınların ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbirlərin iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, su hovuzlarının yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də aidiyyəti şəxslərin nəzərinə çatdırılıb.

Həmçinin, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Hacıqabul, Salyan və Sabirabad rayon ərazilərində yerləşən stasionar postlarında, DİN Baş Mühafizə İdarəsinin Masallı Regional Mühafizə Şöbəsində, Masallı şəhəri, Bakı prospektində yerləşən “Azpetrol” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində də maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Son xəbərlər