Prezidentin Qarabağ səfəri milli qürur hissi ilə qarşılanıb – SORĞU

post-img

Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri və burada dövlət bayrağını ucaltması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi müstəsna əhəmiyyətə malikdir. Bu tarixi hadisənin dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsi ərazi bütövlüyü barədə verilən tarixi vədin, şərəfli missiyanın uğurla yerinə yetirilməsinin ifadəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) bu tarixi hadisə ilə bağlı ölkə miqyasında keçirdiyi rəy sorğusu Prezidentin səfərlərinin, dövlət bayrağını Xankəndi, Xocavənd, Xocalı, Ağdərədə ucaltmasının və Xankəndi şəhərinin əsas meydanından xalqa müraciətinin vətəndaşların mütləq əksəriyyəti tərəfindən izlənildiyini göstərib. “Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına səfərlərini izləmisinizmi?” sualına verilən cavablara əsasən, sorğuda iştirak edənlərin ümumilikdə 97,8 faizinin Prezidentin səfərlərini izlədiyi məlum olub. Onların 31,3 faizi bu hadisələri tam izlədiyini, 66,5 faizi müəyyən qədər izlədiyini ifadə edib. Respondentlərin cəmi 2,2 faizi izləmədiyini qeyd edib.

Bu barədə XQ-yə STM-dən məlumat verilib. 

Bildirilib ki, sorğuda ölkə rəhbərinin tarixi səfəri ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltmasına da ictimai münasibət öyrənilib. Nəticələr bu tarixi hadisənin ölkə əhalisi tərəfindən milli qürur hissi və qələbə ruhu ilə qarşılandığını göstərib. Belə ki, “Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltması sizdə milli qürur hissi və qələbə ruhu yaratdımı?” sualına bütün respondentlərin cavabı birmənalı müsbət olub.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər