Füzuli rayonu çoğrafi mövqeyinə görə mühüm əhəmiyyət kəcb edir

post-img

Vətən müharibəsinin 21-ci günü - 17 oktyabr 2020-ci il, tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edilməsi günü kimi daxil olub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli şəhərinin işğaldan azad edildiyi gün - Füzuli Şəhəri Günü kimi qeyd edilir. Postmüharibə dövrünün ən parlaq günlərindən sayılan bu şanlı Füzuli Şəhəri Günü, üçüncü ildir ki Azərbaycan tarixin yaşadılması yolunda, dövlətimizə və xalqımıza özünəməxsus ruh verir. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşməsi öncədən qeyd olunanların real göstəricisidir. 

Beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov Füzuli şəhərinin strateji əhəmiyyətli ərazisində yerləşməsinə diqqət çəkərək, XQ-yə bildirdi ki, bu bölgə İran və Ermənistanla yaxın sərhədlərdə yerləşdiyinə, eləcə də Azərbaycanın digər bölgələri ilə əlaqəsi olduğuna görə mühüm əhəmiyyət kəsb edir. Füzuli öz mövqeyinə və tarixi aspektlərinə görə regionda geosiyasət və beynəlxalq münasibətlər çərçivəsində mühüm obyekt olaraq qalır. Füzuli şəhərinin Azərbaycan üçün əhəmiyyəti həm tarixi, mədəni və coğrafi aspektlərlə, həm də regiondakı mövcud geosiyasi reallıqlarla bağlıdır. 

“Keçən əsrin 90-cı illərində Füzulinin və digər işğal olunmuş ərazilərin coğrafi mövqeyi ermənilər üçün strateji əhəmiyyət kəsb edirdi. Lakin Azərbaycan xalqının varlığını, dövlətimizin qüdrətini layiqincə qəbul etmək istəməyən düşmən sonradan Cənubi Qafqaz regionunun ən zəif subyektinə çevrildi” – analitik bildirib. 

Müsahibim dedi ki, bu gün Böyük Qayıdış Proqramı uğurla icra edilir və bu Proqram çərçivəsində artıq 800-dən çox insan Füzulidə yerləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirdi ki, ilin sonuna qədər Füzulidə təqribən 2 minə yaxın insan yaşayacaq ki, bu da Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Füzuliyə 22 min insanın yaşamasını reallaşdırmış olacaq.

Rizvan FİKRƏTOĞLU
XQ

Son xəbərlər