İtkin Natiq Qasımov Xocalı rayonunda qətlə yetirilib

post-img

Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımovun Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edildiyi ehtimal olunur.

Bu barədə Əsir və itkin düşmüş, girov götü­rülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya­sının yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Natiq Qasımov 1971-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermə­nistan silahlı birləşmələrinin Azərbaycanın su­veren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 1992-ci il 12 martda Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamə­tində gedən döyüşdə Ermənistan hərbçiləri tərə­findən əsir götürülüb.

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsə­si uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 1992-ci il 12 martda rusiyalı və italiyalı jur­nalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən “Kür” avarçək­mə bazasında məskunlaşmış Xocalı şəhər saki­ni, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləş­mələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə o da girov götürülmüş və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparılmışdı. Bir müddət sonra Er­mənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıblar.

Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hər­bçiləri ilə danışığa göndərmiş, əgər təslim olma­salar, girov götürülmüş Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildirmişlər.

Cəfər Cəfərov sürünə-sürünə kilsəyə getmiş­di. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşmışdı. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz dö­yüşdüyü üçün artıq taqətdən düşübmüş.

Natiq Qsımov Cəfər Cəfərovun: “Axı imka­nın var idi nə üçün geri çəkilmədin?” - sualına: “Komandirim mənə mövqeni tərk etməməyi tap­şırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azər­baycan bayrağını burada qoyub necə gedə bilər­dim?”, – cavabını vermiş və binanın üzərindəki Azərbaycan bayrağını göstərmişdi.

Cəfər Cəfərovun ifadəsinə görə, o, Ermənis­tan hərbçilərinin şərtini Natiq Qasımova çatdır­mış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görmüşdü. Lakin Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirmiş və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olmuşdu.

Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəh­rəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova er­məni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirmişdi.

Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respublikasının keçmiş Dağlıq Qa­rabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqı­rımında yaxından iştirak etmiş, çoxsaylı mühari­bə cinayətləri törətmişdi. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” ol­muşdu.

Məlum olduğu kimi, Ermənistan tərəfi hu­manitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azər­baycan vətəndaşlarının, o cümlədən Natiq Qası­movun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.

Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyat­dadır.

Dövlət Komissiyası I Qarabağ müharibəsin­də itkin düşmüş bütün Azərbaycan vətəndaşla­rının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun me­yiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində torpaqla örtülüb. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xo­calı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini apa­racaq.

XQ

Son xəbərlər