“Polis haqqında” Qanuna dəyişikliklər təklif edilir

post-img

Daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslər də kursant adlandırılacaq.

Bu məsələ Milli Məclisin oktyabrın 2-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənəd layihəsi daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsinə əsasən daxili işlər orqanlarının kadrlarının hazırlanmasının, habelə həmin orqanların əməkdaşlarının əlavə təhsilinin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçirilməsi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də əks olunacaq.

Layihədə müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin bağlanılması nəzərdə tutulur. Bu müqavilədə digər məsələlərlə yanaşı şəxslərin təhsili başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi qeyd olunacaq. Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bundan başqa, layihədə təhsil sahəsinə aid müəyyən sözlərin təhsil qanunvericiliyindən irəli gələrək müvafiq sözlərlə əvəz edilməsi təklif olunur.

Sənəd layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Son xəbərlər