Qarabağın erməni sakinləri dinc həyata qaytarılır

post-img

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu fəaliyyət çərçivəsində ilkin mər­hələdə Qarabağ bölgəsində yaşayan er­məni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqra­siya Xidməti tərəfindən bu məqsədlə ya­radılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçirilə­cəkdir. 

İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosi­al-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaqdır. 

Azərbaycan Respublikası Preziden­tinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az por­talına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon nömrəsi: +994 12 526 09 19

WhatsApp nömrəsi: +994 70 527 09 19

Elektron poçt ünvanı: info@reinteg­ration.gov.az

Əlavə olaraq, yaxın zamanda müra­ciətlərin yerlərdə qəbulu təşkil ediləcəkdir.

***

Azərbaycan Respublikasının Qara­bağ bölgəsində sosial, humanitar, iqtisa­di və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehti­yaclarının təmin olunması üçün təxirəsa­lınmaz tədbirlər davam etdirilir.

Sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xid­mətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əs­gəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola sa­lınıb. 

***

Xankəndi şəhəri yaxınlığında ya­nacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əra­ziyə göndərilən Azərbaycan Respubli­kası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə sön­dürülüb. 

Hadisə ilə əlaqədar ərazidə axta­rış-xilasetmə və digər zəruri təhlükə­sizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat va­sitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

Son xəbərlər