Əkinlərə su çatmır

post-img

Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı layihəsi çərçivəsində “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda Naxçıvan və Şərur şəhərlərində ikigünlük sessiya təşkil edilib.

Naxçıvan şəhərində keçirilən təlimdə qeyd olunub ki, iqlim dəyişik­liyi Azərbaycanda kənd təsərrüfatına və su sek­toruna, xüsusilə, taxıl və meyvələrin becərilmə­sinə ciddi təsir göstərir. Bununla belə, fermerlə­rin bu təsirləri azaltmaq üçün ata biləcəyi praktik addımlar mövcuddur. Taxılçılıqda sudan isti­fadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərindən istifadə etmək, quraqlığa və şoranlığa davamlı olan taxıl sortları yetişdirmək, hava proqnozlarına əsasən əkin sıxlığını tənzimləmək, zərərveri­cilərə və xəstəliklərə qarşı profilaktik tədbirlərdən istifadə müsbət nəticə verə bilər. Bu strategiyaları qəbul etməklə Azərbaycanın kənd təsərrüfatı iqlim dəyi­şikliyi problemləri qarşısında daha dayanıqlı ola bilər.

Təlimdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifəsini mü­vəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova qeyd edib ki, muxtar respub­likada ciddi quraqlıq problemi var. Naxçıvanda bu sistemlərin qurulması üçün lazımi tədbirlər görülməyib. Ümumilikdə, bu il muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilsə də, su çatışmazlığı səbəbindən 1450 hektar sahədə bitkilər quruyub. Artıq bostanlarda, həyətyanı sahələrdə, meyvə bağlarında da məhsulların quruması hallarına rast gəlinir.

XQ

Son xəbərlər