Dünən “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ulu öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Böyük lider” adlı beynəlxalq konfrans keçirilib.
İctimai Birliyin sədri Xəyyam Əsgərov “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.
İctimai Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə “İMZA” İB-nin Türkiyə təmsilçisi və Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç “Heydər Əliyevin xarici siyasətində türk dünyasının inteqrasiyası və birliyi amili” mövzusunda çıxış edib. H.Kılıç Ulu öndərin siyasi-ideoloji fəaliyyətinin yalnız Azərbaycanla məhdudlaşmadığını, həmçinin ölkə hüdudlarından kənarda, Türk dünyasında dərin izlər buraxdığını və Heydər Əliyevin fəaliyyətində Türk dünyası ilə münasibətlərin mühüm yer tutduğunu qeyd edib.
Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzəsində bütün çətinliklərə baxmayaraq, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirməsinin Ulu öndərin xalqımızın tarixində ən böyük xidmətlərindən biri olduğunu qeyd edib.
“Ulu Öndərin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı və ortaq xarici siyasətin formalaşmasındakı tarixi xidmətləri” mövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə-Azərbaycan dostluğunun, iki ölkə arasında sarsılmaz birliyin bu gün daha yüksək səviyyəyə çatdığını diqqətə çatdırıb.
Tədbirə onlayn formada qatılan Siyasi Tədqiqatlar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrin, İtaliya parlamentinin sabiq deputatı Maria Rizzotti, Azərbaycanın Almaniyadakı sabiq fəxri konsulu Otto Hauser, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, Fransanın ölkəmizdəki sabiq səfiri Jan Pyer Qinyut, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kosta, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, Pakistanın “Bol Media” korporasiyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, israilli siyasi ekspert Mixail Finkel, Avropa Azərbaycanlıları Konqresinin sabiq sədri Başar Kömür, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Mətyu Brayzə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert və UNESCO-nun xoşməramlı səfiri Hedva Ser çıxışlarında ölkəmizdə sosial-iqtisadi sahədə, neft strategiyasında tarixi addımların atılmasında, mühüm islahatların həyata keçirilməsində Ulu öndərin əvəzsiz xidmətlərindən söz açıblar.
Milli Məclisin deputatları Mahir Abbaszadə, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Pərvin Kərimzadə, Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar tədbirdə çıxışlarında Ulu öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim Azərbaycanın tərəqqisi üçün çalışdığını, gələcək nəsillərin taleyi üçün Azərbaycan dövlətini zamanın ağır sınaqlarından uğurla çıxardığını qeyd ediblər.
“Xalq qəzeti”