Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə təntənəli tədbir

post-img

Avqustun 18-də Azərbaycanın Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində təntənəli mərasim keçirilib.

Əvvəlcə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilib. İkinci Fəxri xiyabanda və Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Təntənəli mərasimdə DSX-nin ­rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, 2022-ci il sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı DSX-nin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, dövlətimizin başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımızın ucaldılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanıb.

Tədbir zamanı Prezident İlham ­Əliyevin 2023-cü il 17 avqust tarixli sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunub, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltifləndirilib. 

Sonda Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı bayram konserti verilib, Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətini özündə tərənnüm edən “Şərə qarşı” sənədli filmi nümayiş olunub.

Qəzənfər Qasımov, “Xalq qəzeti”

 

Son xəbərlər