Gənc qazilər Azərbaycanın Milli Qəhrəmanı ilə görüşüb

post-img

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan "Hüququndan keçən əsgər" istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının istirahəti davam edir.

"Xalq qəzeti" "Herbiand.az"a istinadən xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Respublikadının Milli Qəhrəmanı Vahid Qulyev ilə görüş keçirilib. Görüşdə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Qubada yaşayan iş adamı  Mehman İbrahimov da iştirak edib. 

Tədbirin əvvəlində bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Emin Həsənli qeyd edib ki, bu kimi layihələr dövlət qurumlarının maliyyə dəstəyi ilə həyata keçirilir:

"Bildiyiniz kimi, 2023-cü il "Heydər Əliyev İli"dir. Xatırladım ki, qeyri-hökumət təşkilatları və digər fəallar Laçın-Xankəndi yolunda aksiya keçirdilər. Mən özüm də bu aksiyanın aktiv iştirakçısı oldum. Biz bu layihəni yay ayında keçirməyi düşündük və rəhbərlik də bunu yaxşı qarşıladı. Layihə "Hüququndan keçən əsgər" adlanır. Azərbaycanın Vətən oğulları, sizin kimi gənclər sübut etdi ki, Azərbaycanın torpaqları işğal altında qalmayacaq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi".

E.Həsənlinin sözlərinə görə, Azərbaycanda hər kəsin borcudur ki, şəhid ailələrinə, qazilərə xüsusi ehtiramla yanaşsın:

"Bu, bizim hər birimizin borcudur. Bu kateqoriyadan olan insanlara dövlətin qayğısı artır və biz çalışmalıyıq ki, bu dəstək yenə artsın. Cənab Prezidentin bu yaxınlarda imzaladığı sərəncamlardan biri odur ki, müharibə veteranları təhsil haqqından azad edilir. Bu sərəncam imkan verir ki, siz təhsil almaqla peşəyə sahib olasız. Biz istəyirik ki, siz yaxşı vəzifələrdə işləyəsiz. Siz dövlətə ən böyük borcunuzu vermisiz və arzumuz budur ki bundan sonra da cəmiyyətimizə xidmət edəsiz. Vətəndə ən yaxşı yaşamaq hüququ sizlərə məxsusdur. Ona görə də bəzi peşə vərdişlərinə yiyələnmək lazımdır.

Nəyə görə layihəmizin adı "Hüququndan keçən əsgər" adlanır? Himndə iki sətrdə bu sözlər var - Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu. Konstitusiyamızda qeyd olunduğu kimi ən böyük hüquq yaşamaq hüququdur. Şəhid gənc yaşında yaşamaq, qazi isə sağlamlıq hüququndan keçib. Bundan böyük hüquq yoxdur. Mən qazilərin birliyindən, bütövlüyündən çox məmnunam və bu cür də davam etməlidir. Ölkənin yüksəlişi sizin adınızla bağlıdır".

Birlik sədri vurğuladı ki, hazırda Qarabağda böyük tikinti gedir və məcburi köçkünlərimizin hamısı öz yurdlarına qayıdacaq.

Sonra Milli Qəhrəman Vahid Quliyev çıxış edərək hamını salamladı və 30 il torpağı işğal altında olan Azərbaycanı erməni terrorundan azad etdikləri üçün müharibə iştirakçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, 1-ci Qarabağ müharibəsində də hamı həvəslə müharibəyə getmək istəyirdi:

"Biz müharibə başlayandan sonra onun nə olduğunu bildik. Çünki Rusiya kimi nəhəng dövlət Ermənistanın arxasında durmuşdu. 44 günlük müharibə zamanı Ermənistanın arxasında yenə Rusiya dayandı və silahlandırdı. Ermənistan "Ohanyan səddi" deyilən müdafiə xətti qurmuşdu və buna keçilməz sədd deyirdilər. Amma bizim ordumuz hücuma keçəndən qısa müddət sonra bu səddi yardı və düşmənə ağır itkilər verdi. Həqiqətən də görürük ki, sizin gördüyünüz işlər çox böyük və müqəddəsdir. Azərbaycanın hər bir vətəndaşı istəyirdi ki, torpaq işğaldan azad olunsun. Erməni kimdir ki, bizim başımız onun yanında aşağı olsun? 30 il bu torpaqlarda yaşadılar, ancaq heç nə qurub-yaratmadılar, talançılıqla məşğul oldular. Biz müharibə zamanı gördük ki, dövlər-xalq birliyi olanda torpaqlar işğaldan azad olunur".

Milli Qəhrəman bildirdi ki,  Azərbaycanın 44 günlük müharibədə pilotsuz uçuş aparatlarından məharətlə istifadə etməyi xarici dövlətləri heyran etmişdi:

"Digər hərbi texnikalarla birlikdə PUA-lardan peşəkarcasına istifadə olunması düşməni çaşbaş salmışdı. Şəxsi heyət çox ağıllı davranaraq erməniləri əzib keçirdi. Sizin sayənizdə cəmisi 44 günə bu qədər ərazilərimizin azad olunması tarixdə izi qalan müharibə kimi yaddaşlarda qalacaq. Bütün Azərbaycan xalqı adından sizlərə təşəkkürümü bildirirəm. Hər biriniz Vətən qarşısında borcunuzu layiqincə yerinə yetirdiniz".

Tədbirdə iştirak edən iş adamı Mehman İbrahimovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının borcudur ki, sizlərə kömək etsin: 

"Mən sevinirəm ki, siz bu gün bizim qonağımızsınız. 30 il əvvəl ermənilər torpaqlarımızı işğal edərək bizi qovdular. Bu yük uzun illər bizim kürəyimizdə daşınırdı. Biz əzilmiş insanlar kimi yaşayırdıq. Məhz sizin sayənizdə 2-ci Qarabağ müharibəsindən qələbə ilə çıxdıq. Bu zəfərlə Azərbaycan xalqını göylərə qaldırdız. Xalq sizə lazımi qiyməti verir. Siz artıq tarixə düşdüz. "Dəmir yumruğ"un altında birləşərək ermənini məhv etdiz. Azərbaycan xalqı sizinlə fəxr edir".

Tədbirin digər iştirakçısı Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, ehtiyatda olan zabit, "Böyük qayıdış" Gənclər Təşkilatının idarə heyətinin üzvü, qazi Əhliyyət Mehtiyev döyüş yoldaşlarına tövsiyyələrini verdi:

"Dövlətimizin yaratdığı şəraitdən yararlanmaq lazımdır. Bu yaxınlarda Cənab Prezidentimiz müharibə iştirakçıları üçün sərəncam imzaladı. Bu sərəncamla müharibə veteranları təhsil haqqından azad edilir. Kimin ali təhsili yoxdursa müraciər edə bilər. Bizlər ali təhsil almaqla yaxşı peşəyə yiyələnə bilərik. Bununla da həm özümüz, həm də cəmiyyətimiz üçün savadlı kadr olarıq". 

Qazimiz qeyd etdi ki, hər hansı bir probem yarananda müharibə iştirakçıları bir-birinə mənəvi dəstək olmalıdır: 

"Təəssüf ki, psixoloji və digər problemlər olanda intihara əl atanlar olur. Bu, çıxış yolu deyil. İntihar onun həyatına son qoymaqla yanaşı ailəsi və yaxınları üçün faciəyə çevrlir. Həm də bu vəziyyətdən kimlərsə dövlətimizə qarşı istifadə edir. Hər zaman səbrlə davranmaq, dövlət qurumlarına müraciət etmək lazımdır. Heç vaxt təslim olmaq lazım deyil. Sona qədər öz qanuni hüquqlarını tələb etməlidir. Dövlətimiz tərəfindən bizlərə yaradılan şəraitə görə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkürümüzi bildiririk".

Tədbir sonra müzakirələrlə davam edib.



Son xəbərlər