MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək. “Xalq qəzeti” BELTA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MDB ölkələrinin II Oyunlarının açılışı ərəfəsində deyib.
Azər Əliyevin sözlərinə görə, Azərbaycanda idman tədbirlərinin keçirilməsində artıq yaxşı təcrübə var. "Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, biz daha çox regionu daxil edək. Ümid edirik ki, bütün qonaqları yaxşı mənada təəccübləndirəcəyik".
Baş katib 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarında olduğunu bildirib: “Bu oyunlar təşkilatçılıq və idman proqramı baxımından çox yüksək səviyyədə keçirildi. Demək olar ki, bütün yarışların keçirildiyi yerlərdə olduq. Minski gəzəndə çoxlu idman obyektlərini görmək olar. Belarus idman ölkəsidir. MDB ölkələrinin Oyunları ikinci dəfədir keçirilir, amma düşünürəm ki, bu yarış daha da populyarlaşacaq. Burada əsasən gənc idmançılar çıxış edir və bu da onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı verir. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”.
Qeyd edək ki, Azərbaycan komandası say baxımından üçüncü yerdədir – Oyunlara 16 idman növü üzrə 177 idmançı qatılıb.
MDB ölkələrinin II Oyunları Belarusun 11 şəhərində keçirilir.
L.QURBANOVA, “Xalq qəzeti”

