İyunun 29-da "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr gününə və Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əlif Hacıyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu çıxış edərək bildirib ki, yaradılmasının 105-ci ildönümünü qeyd etdiyimiz Silahlı Qüvvələr əzab-əziyyətli yol keçib, güclü və yenilməz orduya çevrilib: “2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən savaşda Ordu və xalqımızın birliyi nəticəsində tarixi Zəfərə imza atdıq. Buna görə, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla bir daha xalqımızı təbrik edirik”. Xocalıda olarkən, dəfələrlə Əlif bəylə görüşdüyünü deyən Ş. Sabiroğlu şəhidlə bağlı xatirələrini bölüşüb.
Sonra Birliyin yeni seçilən xanım sədri Ceyran Əzizova tədbir iştirakçılarına təqdim olunub.
Çıxış edən C. Əzizova göstərilən etimadı doğruldacağını qeyd edərək bildirib ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəaliyyət dairəsini genişləndirmək məqsədilə yeni seçilən İdarə heyəti ilə birgə çalışacaq, dəyərli jurnalist, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında xidmətləri olan Şamil Sabiroğlunun tövsiyələrinə əməl edəcək.
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi 2007-ci il noyabrın 16-dan dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir. Təşkilatın məqsədi, məlum soyqırımın tanıdılmasında Azərbaycan dövlətinə və xalqımıza dəstək olmaqdır. Qeyd edək ki, tanınmış jurnalist, müharibə veteranı Şamil Sabiroğlu bu Təşkilata rəhbərlik edib. Müəyyən səbəblərə görə, sədr vəzifəsindən imtina edən Ş. Sabiroğlu tərəfindən növbədənkənar Ümumi Yığıncaq keçirilib. Səsvermə nəticəsində Xocalı şəhərindən məcburi köçkün, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əzizova təşkilatın sədri seçilib.
Fidan SALMANOVA,
“Xalq qəzeti”