İyunun 14-də Daxili İşlər Nazirliyində (DİN) Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iclas iştirakçılarına respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin səmərəli təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, yeni təhdid və çağırışlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Çıxışının sonunda general-polkovnik Vilayət Eyvazov iclasda aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib.
İşçi qaydada davam etdirilən iclasda əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”