Azərbaycan Prezidenti: Türkiyənin güclü sənayesi onun müttəfiqlərini də gücləndirir

post-img

Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay (mart – red.) türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirdi. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır.

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gün­dən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyə­ni gücləndirir, həm də Türkiyənin müttə­fiqlərini gücləndirir.

“İlham Əliyev. İnkişaf – məqsədi­mizdir” çoxcildliyinin çapdan yeni çıx­mış 127-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı aprelin 29-da İstan­bulda “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı söyləyib. 

AZƏRTAC xəbər verir ki, çoxcildli­yin yeni kitabında toplanmış materiallar 2023-cü ilin mart-may aylarını əhatə edir. Bu kitaba Prezident İlham Əli­yevin aprel ayında Türkiyəyə işgüzar səfəri çərçivəsində “TEKNOFEST”də iştirakına dair materiallar, Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Türkiyə Preziden­ti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın “CNN Türk” televizi­yasının müxbirinin suallarına cavabları daxil edilib.

Prezident İlham Əliyev aprel ayında Tacikistanda dövlət səfərində, Qazaxıs­tanda, Bosniya və Herseqovinada rəsmi səfərlərdə, Bolqarıstanda işgüzar səfər­də olub. Azərbaycan Prezidentinin bu səfərlər çərçivəsində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, habelə imzalan­mış sənədlər haqqında informasiyalar, liderlərin mətbuata birgə bəyanatlarının mətnləri yeni kitabda verilib. 

Bu nəşrdə Azərbaycan Prezidenti­nin ölkəmizə səfərə gəlmiş Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Qəbələdə keçirdiyi görüş haqqında informasiya, mətbuata birgə bəyanatların mətnləri də yer alıb. 

May ayı ADA Universitetinin təşkilat­çılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olun­muş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq kon­fransın keçirilməsi ilə əlamətdar olub. Dövlətimizin başçısı konfrans iştirakçı­larının çoxsaylı suallarını cavablandırıb. Azərbaycan Prezidentinin dərin məz­munlu və məntiqli cavabları ilə 127-ci kitabda tanış olmaq mümkündür. 

Yeni nəşrdə Azərbaycan Prezidenti­nin Novruz bayramı münasibətilə Talış kəndindən xalqımıza təbrikinin mətni də verilib. 

Dövlətimizin başçısı aprel-may ay­larında bölgələrə – Neftçala, Salyan və Ağdam rayonlarına səfərlər edib. Neftçala rayonuna səfər zamanı Olim­piya İdman Kompleksinin, Neftçala Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidən qurulmadan sonra açılış mərasimləri keçirilib. Prezident İl­ham Əliyev, həmçinin “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damaz­lıq Təsərrüfatında yaradılmış şəraitlə tanış olub, Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılış mərasimində işti­rak edib. Salyan rayonunda isə Mərkə­zi Xəstəxananın Doğum Evində və uşaq poliklinikasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə maraqlanıb, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xid­mət” Mərkəzinin açılışlarını edib, Azər­baycan Televiziyasına müsahibə verib. Prezidentin müsahibəsinin mətni və səfərləri haqqında geniş məlumat oxu­culara 127-ci kitabda təqdim olunur. 

Prezident İlham Əliyev Ağdam ra­yonuna səfəri çərçivəsində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzi­nin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati bi­nanın təməllərini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub. Yeni kitaba bununla bağlı informasiyalar daxil edilib. 

“Azərnəşr” tərəfindən buraxılan 127-ci kitabın hazırlanmasında Azər­baycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Son xəbərlər