Yüz yaşın mübarək, ulu öndər!

post-img

“Yüz ilin yüz fotosu” “Xalq qəzeti” redaksiyasında 

 

 

On milyonlarla soydaşımızın böyük  mütəşəkkilliklə bayram etdiyi “Heydər Əliyev ili”nə hərə öz töhfəsini verir. Bu baxımdan “Xalq qəzeti” redaksiyasında təşkil edilmiş yubiley foto-sərgisi xüsusi önəm daşıyır. Çünki ulu öndər Heydər Əliyev  birinci dəfə respublika rəhbəri kimi fəaliyyətə başlayandan az sonra məhz bu qəzetin 50 İLLİK yubileyində, həm də Azərbaycan dilində çıxış etmişdir. Eləcə də,  müstəqilliyin ilk illərində bu qəzetin bağLanmasını gündəliyə gətirmiş insanların həmin səhv addımının qarşısı da məhz ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra alınmışdır... 

Bu fikirlər redaksiya binasının birinci mərtəbəsində təşkil edilmiş “Heydər Əliyev –100”  foto-sərgisinin açılışında səsləndirildi. Öncə həm ulu öndərin, həm də dövlət müstəqilliyimizin bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edildi. Sonra əsas lövhənin və bütün fotoların önünə tər qərənfillər düzüldü. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov,  Mətbuat Şurasının sədri Rəşad Məcid, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, 1993-2003-cü illərdə ümummilli liderin siyasi fəaliyyətini işıqlandırmış jurnalistlər, Nəsimi rayonundakı müxtəlif orta məktəblərin təmsilçiləri və digər natiqlər o böyük dövlət xadiminin siyasi fəaliyyətinin ayrı-ayrı detalları barədə maraqlı xatirələr səsləndirdilər. 

Onu da xatırladaq ki, nümayiş olunan fotoların bir çoxunda  ulu öndərimiz sadə əmək adamlarının, elm, təhsil, mədəniyyət xadimlərinin, hərbçilərin qonağı kimi lentə alınmışdır. Daha çox maraq kəsb edən fotolar isə ümummilli liderimizin həm xarici səfərlərində, həm də Bakıda əcnəbi siyasətçi və diplomatları qəbul edərkən çəkilmiş əsərlərdir. Yeri gəlmişkən, tədbirdə çıxış edənlərdən biri dedi ki, bu sənədlər artıq adi foto yox, tarixi özündə yaşadan əsərlərdir. 

Təkrar edildi ki, AZƏRTAC-ın, “Xalq qəzeti” foto-müxbirlərinin, eləcə də, ayrı-ayrı müəlliflərin müxtəlif illərdə lentə aldıqları fotoların hər biri bu gün olduqca dəyərli tarixi sənəddir. Yüz ilin  müxtəlif anlarını özündə əks etdirən həmin sənədlərdə Azərbaycanın 1969-82-ci illərdəki inkişafı, müstəqillik yolunda atılan addımlar,  ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü, 1993-cü ilin yayından sonrakı ictimai-siyasi proseslər, “Əsrin müqaviləsi”nin hazırlanması və imzalanması, beynəlxalq aləmə inteqrasiya, ordu quruculuğu, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişaf etdirilməsi məqsədilə atılan addımlar öz əksini tapmışdır. 

Tamaşaçılar dörd hissədən ibarət olan sərginin birinci hissəsinin girişində ənənəvilikdən uzaq olan bir mətn-təqdimatla da tanış oldular. Orada yazılmışdı: 

“Nə qədər ki, Azərbaycan var,  bu müdrik xalq yaşayır, Sən də yaşayacaqsan, böyük Xilaskar!

 Sən milyonlarla soydaşına müstəqil, qüdrətli Azərbaycan dövləti yaratmağın yolunu gəstərmisən, biz  – milyonlarla qədirbilən insan isə sənin əməllərinin hələ yüz illər boyu yaşamasını təmin edirik və edəcəyik. 

Sənin işləyib hazırladığın siyasi strategiya bizə azad yaşamağı da öyrətdi, düşmən tapdağında qalmış ərazilərimizi işğaldan azad etməyi də. Sənin qarşısında diz çökdüyün müqəddəs Azərbaycan Bayrağını biz Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Füzulidə, Suqovuşanda  – işğaldan azad edilmiş bütün ərazilərimizdə qaldırdıq. Azərbaycan əsgərinin Xankəndiyə doğru atdığı addımların səsi də eşidilməkdədir. 

Sən tariximizə qızıl hərflərlə yazılan Horadiz əməliyyatına imza atdın, övladların isə İkinci Qarabağ müharibəsindəki möhtəşəm Zəfərə. 

Sən təkcə o yerlərə qayıtmağımızı arzulamırdın, həm də o yerləri şəxsən görmək istəyirdin. İndi səni Baba adlandıran çoxminli nəvələrin həmin ərazilərə qayıdışın sevincini yaşayırlar. Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlanmış Böyük Qayıdışın hər mərhələsində öncə sənin ruhun anılır, xatırlanır, ehtiramla yad edilir. 

Sən bizə dünyaya çıxmağın yollarını göstərdin, biz isə  dünyanın əksər ölkələrini Azərbaycanın dostuna çevirməyi bacardıq. Sən “Əsrin müqaviləsi”nə nail oldun, biz isə Avrasiyanın ən möhtəşəm iqtisadi layihələrinin icrasına. 

Bütün bunları ona görə xatırladırıq ki, sənin qüdrətin dağlar qədər böyük idisə, bizim  o möhtəşəm xidmətə olan sədaqətimiz də ondan az deyil.

Bu gün sənin yüz yaşını qeyd edirik, amma yaşayacağın yüzilliklər hələ öndədir!”

İttifaq MİRZƏBƏYLİ,  

Fotolar Səbuhi MƏMMƏDOV və Elşən AĞALAR, 

“Xalq qəzeti” 
























Son xəbərlər