Müstəqil dövlətin banisi ehtiramla anıldı

post-img

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər təşkil edib. 

Tədbirlər çərçivəsin­də aprelin 24-də Xidmətin Naxçıvan Muxtar Respub­likası üzrə baş idarəsinin bir qrup əməkdaşı Culfa rayonu ərazisində yer­ləşən Haçadağ zirvəsinə yürüş təşkil edib. Yürüş iştirakçıları qarşıya çıxan maneələri uğurla dəf edərək təyin olunan yerə vaxtında çatıb, orada ulu öndərin şəkli əks olunmuş plakatı və Azərbaycanın Dövlət Bayrağını yerləşdiriblər.

Aprelin 26-da isə Naxçıvan şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanla­rı” adlı təntənəli tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasında (MR) Azərbay­can Prezidentinin səlahiyyətli nümayən­dəsi Fuad Nəcəfli tədbirin ulu öndərin böyüyüb boya-başa çatdığı, doğma Nax­çıvan şəhərində keçirilməsinin önəminə toxunub. O, görkəmli siyasi və dövlət xa­dimi Heydər Əliyevin ömür yoluna nəzər salaraq dahi şəxsiyyətin təhlükəsizlik orqanlarında fəaliyyəti və Azərbaycanın rəhbəri olaraq misilsiz xidmətləri barə­də ətraflı məlumat verib, ölkəmizin milli tərəqqi strategiyasının əsasının məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulma­sından geniş söhbət açıb. 

Digər çıxışçılar da ulu öndərin təhlükə­sizlik orqanlarında xidməti fəaliyyətinə məhz Naxçıvan şəhərində başladığını diqqətə çatdırıblar. 

Məruzəçilər ulu öndərin həmin təşki­lata ən mühüm töhfəsi olan, keçən əsrin 50-ci illərinin əvvəllərindən başlanan bu orqanların milliləşdirilməsi prosesinin işti­rakçısı və sonralar da birbaşa təşkilatçı­sı olduğunu özünün hər zaman qürur və böyük iftixar hissi ilə xatırladığını söyləyib, Heydər Əliyevin peşəkarlıq irsinin bundan sonra da layiqincə davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları sənədli filmə baxıblar. 

 

“Xalq qəzeti”



Son xəbərlər