Kamillik və müdriklik məktəbi

post-img

Bakı Sağlamlıq Mərkəzində Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş anım mərasimi keçirildi. Öncə akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Mərkəzin icraçı direktoru Asiman Həsənov akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolundan, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermə­sindən söz açdı. Bildirdi ki, Zərifə xa­nım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr edib. 1968-ci ildən başlayaraq, məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məş­ğul olmağa başlayıb, bir sıra orden və medallara, mükafatlara layiq görülüb. Tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual prob­lemlərinə dair tədqiqatları ilə şöhrət qa­zanıb.

Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, pro­fessor Paşa Qəlbinur Akademik Zərifə Əliyevanın yüksək mənəvi keyfiyyətlə­rindən bəhs etdi. Alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etdi.

Tədbirin sonunda böyük xidmətlə­ri ilə zəngin həyat yolu keçirmiş Zərifə Əliyeva haqqında hazırlanmış video çarx izlənildi. Video çarxda görkəmli ali­min keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamil­lik və müdriklik məktəbi olduğu göstə­rildi. Akademikin çoxcəhətli elmi və tibbi fəaliyyətinin təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiy­yət kəsb etdiyi və aktuallığı vurğulan­dı. Onun görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı və xalqımıza İlham Əliyev kimi müzəffər lider bəxş edən ana obrazı canlandırıldı.

Anım tədbirindən sonra Fəxri xiya­banda akademik Zərifə xanım Əliyeva­nın xatirəsi yad edilərək, məzarı üzə­rinə gül dəstələri qoyuldu.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat