“Altay” tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib

post-img

Qardaş Türkiyənin BMC şirkətinin istehsal edilən “Altay” əsas döyüş  tankının ilk dəsti 2023-cü il aprelin 23-də sınaqlarının keçirilməsi üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Bunu mətbuata açıqlamasında şirkətin baş direktoru Murat Yalçıntaş deyib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” hesabında paylaşım edib.O bildirib ki, “Altay” tankı Türkiyənin müasir əsas döyüş tankı olacaq: “10 il əvvəl ilk dəfə ortaya qoyulan prototipdən çox fərqli və üstün qabiliyyətlərə malik olan yeni “Altay” tankımız, coğrafiyamızda Silahlı Qüvvələrimiz üçün çox əhəmiyyətli rol oynayacaq”.

2024-cü ilin sonlarına qədər tamamlanacaq sınaqlardan sonra 2025-ci ildə başlanacaq seriyalı istehsal zamanı “Altay” tankında Cənubi Koreya istehsalı olan mühərrik və transmissiyadan istifadə ediləcək. 2026-cı ilin ikinci yarısından etibarən “Altay” tankları “BMC Power”nin istehsal edəcəyi yerli mühərriklə təchiz olunacaq. İndidən bir çox xarici ölkədən tankla bağlı müraciətlər daxil olur.

Türkiyənin Müdafiə sənayesi (SSB) naziri İsmail Dəmir bundan əvvəl bildirmişdi ki, hazırda Cənubi Koreyanın zirehli texnikalarında istifadə edilən güc qurğuları “Altay” tankına quraşdırılandan fərqlidir. Cənubi Koreya hələ də alman transmissiyasından istifadə edir.

“Altay” tankının prototipi hər cür iqlim və ərazi şərtlərində keçiriliən çətin testlərdə üstünlüyünü təsdiqləyib. Fərqli ssenarilərdə atış testləri keçirilən tankın bütün hava şəraitində və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə hazırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevralında uğurla tamamlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən istehsala icazə sənədi alındıqdan sonra, “Otokar” şirkəti Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələdə 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklifi SSB-yə təqdim edib. SSB-nin elan etdiyi bu tenderə “Otokar” ilə yanaşı, BMC və FNSS şirkətləri 2017-ci il noyabrın 16-da təkliflərini verib. 2018-ci ilin aprel ayında Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tankının seriya istehsalı üçün qərar verib. 
SSB başqanı İsmail Dəmir 2020-ci ildə seriya istehsalının ilkin mərhələsində əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının istehsalının həyata keçiriləcəyini, sonrakı mərhələdə bu prosesin xaricdən alınan mühərrklərlə davam etdiriləcəyini bildirmişdi. 

Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını yaratmaq istəyir. Bununla bağlı, 2018-ci ildə SSB Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə müraciət edib. SSB işi Quru Qoşunlar Komandanlığı üçün aparacaq.

Layihə çərçivəsində mexaniki keçid açma sistemi ilə tank və piyada əleyhinə minaları yerindən çıxarıb keçid kənarına atan, minaları partlatmaq yolu ilə müəyyən ölçülərdə keçid qazan, maqnetik lokator sistemi ilə maqnetik borulu minaları partladan, təmizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən tırtıllı bir texnikanın hazırlanması tələb edilir. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Son xəbərlər