Baş Prokurorluğun Sabirabadda regional konfransı

post-img

Dəvət olunan yerə gecikməyi sevmirəm. Düşünəndə ki, “Xalq qəzeti” kimi mühüm redaksiyanı təmsil edirəm, məsuliyyətim daha da artır. Elə bu səbəbdən Baş Prokurorluğun dəvəti ilə Sabirabadda keçirilən konfransa getmək üçün deyilən vaxtdan tez təyin edilən marşrutun önündə oldum. 

Bu sıradan bir konfrans deyildi. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfransı idi. Bu tədbirdə iştirakın məsuliyyətini dərk edirdim.

Dəvəti qəbul edənlər Dərnəgüldə Baş Prokurorluğun qarşısında toplaşmağa başlayırlar. Toplaşma məntəqəsinə gələnlərin əksəriyyəti tanış simalar idi. 

Söhbətləşirik. Müzakirəmizin əsas mövzusu “Xalq qəzeti” və onun son vaxtlar dizayn, format və mövzularda etdiyi dəyişiklik, yeniliklərlə səsləşməsi olur. Həmkarım Məmməd Rauf qəzetin dirçəlişini ustalıqla həyata keçirən Əflatun Amaşova xüsusi minnətdarlığını ifadə edir. Son zamanlar “Xalq qəzeti” respublikanın müxtəlif yerlərində müzakirə mövzusudur. Hətta, keçən həftə Ələtdə olduğum məktəblərin birində də müəllimlər deyirdilər ki, qəzetin hər nömrəsini həvəslə oxuyurlar. 

Yola düşürük. Reqlamentə əsasən, regional konfransda media və QHT nümayəndələri ilə yanaşı, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilirdi.

Avtobus Sabirabad Rayon Prokurorluğunun qarşısında saxlayır. Bizi qarsalayırlar. Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Aftandil Abbasov ilə salamlaşıram. Onunla maraqlı fikir mübadiləmiz baş tutur.

Sonra Sabirabad Rayon Prokurorluğunun zalına keçirirk. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış etdikdən sonra Sabirabad rayon prokurorunun müavini Rövşən Əmrahov inzibati binanın infrastrukturu barədə məlumat verir, girişdə ulu öndərin şəkillərindən ibarət stend haqqında danışır, otaqlarla və əməkdaşların fəaliyyəti, iş şəraiti ilə tanış edir. Girişdə polislərin dayandığı növbətçi hissə, prokurorun köməkçilərinin, müstəntiqin, habelə maddi sübut otağı və digər otaqlar mövcuddur, əməkdaşlar iş başındadırlar. Kriminalistik avtomobil və avadanlıqlarla tanış oluruq. Bizə istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunur. Sonda prokurorluğun binası önündə xatirə şəkili çəkilir.

Konfrans üçün Sabirabad rayon Heydər Əliyev Mərkəzi istiqamətində yola düşürük. Yolboyu rayonda aparılmış abadlıq-quruculuq işləri ilə əyani tanış oluruq. Heydər Əliyev Mərkəzinin Muzey hissəsində ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən fotostendlər ilə tanış oluruq. Mərkəzin fondunun baş mühafizi Səlmi Mühtiyeva media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə ətraflı məlumat verir. S. Mehtiyeva bildirir ki, Heydər Əliyev prezidentliyi dövründə Sabirabada 15 dəfə səfər edib. Səfərləri çərçivəsində sakinlərin problemlərini dinləyib, müvafiq qurumlara tapşırıqlar verib. 

Çay fasiləsindən sonra konfrans zalına keçirik. Zal tamam doludur. Yüzlərlə insan konfransa qatılıb. Bizim üçün ayrılmış yerlərə keçirik. Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir. Daha sonra “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfransı öz işinə başlayır. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılan sistemli mübarizə, həyata keçirilən əsaslı islahatlar, görülən təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış edir: “Heydər Əliyev rayonlara səfərlər etmiş, sadə xalqın dilindən problemlərini dinləmişdir. Vəzifəli şəxsləri tənqid etmiş, cəzalandırmışdır. Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet istiqamətidir”. 

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluğun bölgələrdə konfranslar təşkil etməsindən, təklifləri dinlənilməsindən, Heydər Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində apardığı islahatlardan, tədbirlərdən söz açır. 

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edir. Bildirir ki, min illər keçdikcə ulu öndərin dahiliyi, qiyməti artacaq. Xoşbəx millətik ki, Heydər Əliyev və onun ideaları var.

Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirir ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyevin qəti siyasi iradəsi Prezident İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir: “Heydər Əliyev üçün korrupsiyaya qarşı mübarizə prinsip məsələsi idi. O, korrupsiyanın qarşısının alınmasını dövlətin, xalqın mənafeyi kimi qiymətləndirirdi". 

Çıxış edən rayon prokuroru Fəxrəddin Pənahovun sözlərinə görə, Heydər Əliyev dərin zəkası ilə anlayırdı ki, cəmiyyətin inkişafı üçün korrupsiya ilə mübarizə prioritet məsələ olmalıdır: “Ulu öndər hələ sovetlər dönəmində korrupsiyaya qarşı qətiyyətli mövqeyini ortaya qoymuşdu. Prezidentlik dövründə isə bu qətiyyətli mövqe ali səviyyəyə yüksəldi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir metodlarla həyat keçirilir.”

Rayon məhkəməsinin sədri Füzuli Pənahov bildirir ki, Heydər Əliyev irsi o qədər zəngindir ki, illərlə danışsaq da yekunlaşmaz: “Bütün sahələrin formalaşmasında ulu öndərin əməyi olub. Müstəqilliyimizin bərpası, dirçəlməsi, iqtisadiyyatın inkişafı birbaşa Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Biz hazırda ümummilli liderin yaratdığı məktəbin bizə bəxş etdiyi dəyərlər, biliklər əsasında dövlətimizi idarə edirik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elnur Hüseynov Heydər Əliyevin hakimiyyəti illərində korrupsiyaya qarşı mübarizəyə dair qəbul olunmuş rəsmi sənədlər, onların mahiyyəti barədə çıxış edir. Qeyd edir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri bugün də yüksək səviyyədə davam etdirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevil Rəsulzadə vurğulayır ki, korrupsiyanın qarşısının alınması sayəsində qadınlarımızın cəmiyyətdə siyasi iştirakçılığı artıb. O, müxtəlif qurumlarda çalışan qadınların statistikasını açıqlayaraq fikrini qüvvətləndirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli dedi ki, Azərbaycan ümummilli liderin şah əsəridir. Korrupsiyaya qarşı mübarizə sayəsində QHT-lərin inkişafından söz açır, vətəndaş cəmiyyətinin önəmini vurğulayır.

Konfransda, həmçinin rayon sakinləri və qonaqlar ümummilli lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edirlər. 

Konfransın sonunda Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov və rayonun digər yüksək vəzifəli şəxsləri ilə Heydər Əliyev, onun ideyaları, korrupsiyanın qarşısının alınmasındakı rolu barədə jurnalistlərlə söhbət aparılır. Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkilir. Nahar yeməyindən sonra Bakıya yol alırıq…

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Son xəbərlər