Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ağdam rayonunun “Ergi düzü” adlanan ərazisində tapılan məzarlıqla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə deyilir: “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən geniş bərpa və quruculuq işləri əsnasında aparılan qazıntı və tikinti işləri zamanı erməni vandalizminin qurbanı olmuş insanların qətlə yetirilərək basdırıldığı kütləvi məzarlıqlar aşkar edilməkdədir.
Ağdam rayonunun “Ergi düzü” adlanan ərazidə aparılan qazıntı işləri zaman insan skeletinə bənzər sümüklərin tapılması işğal müddətində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin növbəti izlərini aşkara çıxarır.
Belə ki, bundan əvvəl də işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarda aparılan araşdırmalar nəticəsində həmin qalıqların Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilib.
Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə aydınlıq gətirmir, işarələnməmiş minaların və kütləvi məzarlıqların yerləşdiyi ərazilərin dəqiq xəritələrini Azərbaycan tərəfinə təqdim etmir və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini kobud şəkildə pozur.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq bir daha dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan tərəfindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi, işarələnməmiş minaların və kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram”.