Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

post-img

Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib. 

Baş Prokurorluğun mətbuat xidmətin­dən bildiriblər ki, Dövlət Gömrük Komitə­sinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təş­kil etməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, Cinayət Məcəlləsinin 200-1.2.2-ci, 200-1.2.3-cü və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismin­də cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Moldova Respublikasının ərazisində saxlanılan Kıvcı Abdulkadir aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkə­mizə gətirilib. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər