Daşkənddəki diasporumuzun üzvləri böyük Novruz şənliyi keçiriblər

post-img

Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki Heydər Əliyev parkında böyük Novruz şənliyi keçirilib.

Heydər Əliyev ili ilə əlaqədar keçirilən tədbirdə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustam Kurbanov, səfirliyimizin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının təmsilçiləri, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.

Əvvəl Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyulub, Novruz bayramı ilə əlaqədar videofilm nümayiş etdirilib, uşaqlar Novruzla bağlı şeirlər səsləndirib. 

Tədbirdə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, suvenirlər, Qarabağın milli qadın və kişi geyimləri, Novruz bayramına aid atributlar nümayiş olunub. 

Hüseyn Quliyev Azərbaycan və özbək xalqlarının milli bayramı - Novruz haqqında danışıb, bu bayramın tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi əks etdirdiyini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb. Azərbaycanda və Özbəkistanda dövlət səviyyəsində geniş qeyd olunan Novruzun Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladan diplomat keçmişimizin ən dərin qatlarından gələn bu bayramın xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olduğunu söyləyib, bu əziz bayramın 4 min il yaşı olduğunu vurğulayıb.

Rustam Kurbanov Novruz bayramı münasibətlə iştirakçıları və Azərbaycan xalqını təbrik edib, bayramın tarixindən söhbət açıb, bu əziz bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalqın və millətin bayramı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar sənəd qəbul edib. O, Novruz adət-ənənələrinin günümüzə gəlib çatmasında xalqlarımızın müstəsna xidmətləri olduğunu bildirib. 

RAMMM-ın sədri Mobil Məmmədov bayramın tarixi, ənənələri haqqında söhbət aaçıb. O vurğulayıb ki, Şərqdə yeni ilin gəlişini və təbiətin oyanmasını təcəssüm etdirən Novruz xalqlarımızın ən qədim və milli bayramıdır.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vüsal Məmmədov vurğulayıb ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və vəfaya çağırış bayramıdır.

Daşkənd şəhər Mədəniyyət Mərkəzinin sədri Xasay Abdullayev, paytaxtın  Mirabad rayonunun hakimi Şuxrat Pulatov Novruz bayramı ilə bağlı təəssüratlarını bölüşüblər. 

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, Bakıdan dəvət olunan xanəndə Rəşad İbrahimov muğamlarımızı, Yusif Əliyev, Rəna Əzizova, Ülkər İsmayılova xalq mahnılarını, İlham Abdullayev sazda el havalarını ifa ediblər.

Bayram şənliyində Novruz tonqalına od vurulub, tədbir iştirakçıları Novruzun rəmzi olan milli şirniyyatlarımıza və yeməklərimizə qonaq ediliblər. 

 

Qulu Kəngərli 

Daşkənd 

 

 

 

IMG_9592.JPG

IMG_9610.JPG

IMG_9604.JPG

IMG_9563.JPG

Son xəbərlər