Ukraynanın Baxmut şəhəri uğrunda ölüm-dirim mübarizəsi gedir. BBC müxbiri Corc Rayt dünən hadisə yerindən yazıb ki, Rusiya tərəfi nəyin bahasına olursa-olsun buranı ələ keçirmək istəyir. Lakin bir neçə aydır Moskva niyyətinə nail ola bilmir.
Donetsk vilayətində yerləşən, bir vaxtlar özünün duzu və şərabı ilə məşhur olan Baxmutda müharibə başlamazdan əvvəl 70 min nəfər əhali yaşayırdı. Hazırda burada maksimum 2-3 min yerli sakinin qaldığı ehtimal olunur. Şəhər tamamilə xarabazara çevrilib.
Qeyd edək ki, Baxmut şəhəri hər iki döyüşən tərəf üçün dərin rəmzi məna kəsb edir. Rəqiblər düşünür ki, buradakı gərgin döyüşlərdə qalib gələn müharibənin sonrakı gedişatında ən azı psixoloji üstünlük əldə edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski dünən jurnalistlərə açıqlamasında deyib ki, Rusiya silahlı qüvvələri son bir neçə gün ərzində Baxmutda 1100 nəfər hərbçisini itirib. Qərb mənbələri Rusiyanın, bütövlükdə Baxmut uğrunda gedən döyüşlərdə 20–30 min arası hərbçi itirdiyini qeyd edirlər. Moksva bu faktları nə təsdiq, nə də təkzib edir.
Ukrayna tərəfinin isə son bir sutka ərzində 220 nəfər itkisi olduğu bildirilir. Lakin bu rəqəmlər müstəqil ekspertlər tərəfindən təsdiq edilməyib.
Bir çox analitiklər hesab edirlər ki, Baxmutun strateji əhəmiyyəti o qədər də böyük deyil. Rusiya tərəfdən Baxmutda ağır döyüşlərə rəhbərlik edən “Vaqner qrupu”nun rəhbəri Yevgeni Priqojin Kremli qələbə ilə müjdələməyə can atır. Əks nəticə, təbii ki, onun karyerasını sual altına qoyacaq.
Moskvada hesab edirlər ki, Baxmut ələ keçirilsə, Rusiya tərəfindən bütün Donetsk vilayətinə nəzarət təmin ediləcək. Xatırladaq ki, Donetsk vilayəti ərazisinin xeyli hissəsi Rusiya silahlı qüvvələri tərəfindən ötən ilin sentyabrında işğal edilib.
Ukraynalı generallar isə ağır itkilərə baxmayaraq Baxmutu qorumağa çalışırlar ki, rəqibin bu istiqamətdə sonrakı hücum əməliyyatlarının qarşısı alınsın.
Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırski bildirib ki, dünən bütün sutka ərzində “vaqnerçilər” hücumların intensivliyini artırıblar. “Vaqner qrupu”nun rəhbəri Priqojin isə etiraf edib ki, şəhərdə irəliləmək olduqca çətindir, belə ki, düşmən (ukraynalılar-müəllif) burada hər metr uğrunda savaşırlar,
Bir çox Qərb mənbələri bildirirlər ki, Rusiya qoşunları döyüşə əlavə qüvvələr atsalar da, həqiqətən bu istiqamətdə heç cür irəliləyə bilmirlər.
Xatırladaq ki, Baxmut Rusiya üçün olduğu kimi, Ukrayna üçün də böyük əhəmiyyət kəsb edir. Prezident Zelenski bu şəhəri Ukraynanın “Rusiya işğalına qarşı müqavimətinin emblemi” adlandırıb.
Yeri gəlmişkən, Ukraynanın dövlət başçısı ötən ilin dekabrında Vaşinqtona səfər etməzdən əvvəl gözlənilmədən Baxmuta gələrək şəhərin qəhrəman müdafiəçiləri ilə görüşüb.
Prezident bir gün sonra artıq ukraynalı hərbçilərin imzaladıqları Baxmutun döyüş bayrağını Kapitolidə konqresmenlər qarşısında alovlu çıxışından sonra Konqresə hədiyyə edib. Zelenskinin Baxmut qəhrəman müdafiəçiləri ilə bağlı sözləri sürəkli alqışlarla qarşılanıb
BBC-nin məlumatına görə, dünən Baxmutla yanaşı Ukraynanın şərqindəki Luqansk vilayətində də ağır döyüşlər davam edib. Rusiyanın əraziyə əlavə canlı qüvvələr və silah-sursat gətirdiyi bildirilir. Luqansk şəhərlərinin atəşə tutulması halları da intensivləşib. Dünən Zaporojye istiqamətində də ağır döyüşlər olub.
M.HACIXANLI, “Xalq qəzeti”



